...

Yusif Bağırzadə tam qərara gələ bilməyib

Siyasət Materials 28 Yanvar 2015 10:23 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək, ancaq hələlik seçkilərdə tək və ya hansısa partiyalarla birgə getmək barədə qərar qəbul edilməyib”. Bu barədə Trend-ə AMİP sədri Yusif Bağırzadə deyib.
Yusif Bağırzadə tam qərara gələ bilməyib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək, ancaq hələlik seçkilərə tək və ya hansısa partiyalarla birgə getmək barədə qərar qəbul edilməyib". Bu barədə Trend-ə AMİP sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, hazırda bəzi siyasi təşkilatlarla danışıqlar gedir: "Biz özümüz siyasi təşkilat olaraq tək də gedə bilərik. 2010-cu ildə də biz müxalifət partiyalarına müraciət etdik, ancaq əfsuslar olsun ki, siyasi müxalifət düşərgəsində qruplaşma da düzgün getmir. Prezident seçkiləri öncəsi də müxalifət olaraq vahid cəbhədən çıxış edə bilmədik".

Y.Bağırzadə qeyd edib ki, müxalifət seçkilərə blok şəklində getsə, daha yaxşı olar: "İstərdik blok şəklində gedək, ancaq siyasi partiyalar arasında təmərküzləşmə getmir, bloklar özünü doğrultmur. Formatdan asılı olmayaraq, hər halda seçkilərə gedəcəyik".

Partiya sədri əlavə edib ki, son vaxtlar siyasi partiyalar arasında sağçılıq, solçuluq meyilləri özünü daha çox büruzə verib: "Misal üçün, biz mərkəzçi partiyayıq, əlbəttə ki, istəyərik ki, mərkəzçi partiyalarla bir yerdə gedək. Təbii ki, müəyyən təkliflər var, amma hələlik konkret qərar yoxdur".

Onun sözlərinə görə, əvvəllər sağçılarla sol düşüncəli partiyalar birləşdilər, lakin o da öz effektini vermədi: "Hətta sağçıların arasında da ayrı-ayrı fikirlər var. Bəziləri radikaldır, bəziləri seçki yoluna, bəziləri mitinqlərə üstünlük verirlər. Biz isə ancaq seçki yoluna üstünlük veririk. Bu, partiyanın nizamnaməsində də öz əksini tapıb. Müxalifət partiyalarının baxışlarında fərqlər mövcuddur. Ona görə də bəzən seçkilərə tək getmək siyasi partiya üçün daha asan olur, daha çevik qərar verə bilir, daha aktiv hərəkət edə, namizədlərini daha səfərbər edə bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti