...

Azay Quliyev seçicilərinin xahişini Milli Məclisdə səsləndirdi

Siyasət Materials 17 Mart 2015 17:00 (UTC +04:00)
Millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı Şirvan şəhəri, Bayramlı qəsəbəsinin problemləri haqqında fikir bildirib.
Azay Quliyev seçicilərinin xahişini Milli Məclisdə səsləndirdi

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Elçin Mehdiyev/

Millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı Şirvan şəhəri, Bayramlı qəsəbəsinin problemləri haqqında fikir bildirib.

Trend-in məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili seçildiyi Şirvan şəhərinin Bayramlı qəsəbəsində həlli vacib olan məsələləri gündəmə gətirib.

Diqqəti Şirvan şəhəri, Bayramlı qəsəbəsində mövcud olan iki əsas problemə yönəldən A.Quliyev ilk olaraq qəsəbədəki məşğulluq probleminə toxunub. Məlumat verib ki, qəsəbədə əhalinin məşğulluğunu təmin edən "Pambıqtəmizləmə zavodu" 2002-ci ildən öz istehsal fəaliyyətini tamamilə dayandırıb: "Qəsəbənin 3000 əhalisi var və onlardan 1400 nəfəri əmək qabiliyyətlidir. Əhalinin 60%-i zavoda uyğun olaraq peşə vərdişlərinə sahibdir. Qəsəbədə yerləşən yeganə zavodun bağlanması işsizlik səviyyəsinin xeyli artmasına səbəb olub. Onu da qeyd edim ki, qəsəbədə kənd təsərrüfatına yararlı əkin sahələri də mövcud deyil. Ona görə də mən Azərbaycan hökumətindən xahiş edirəm ki, bu qəsəbədə işsizliyin aradan qaldırılması üçün tədbirlər görsün və ya maraqlı investorların bu əraziyə yönləndirilməsi üçün stimullaşdırıcı qərar qəbul etsin".

Millət vəkilinin toxunduğu ikinci məsələ Bayramlı qəsəbəsində olan ev problemi ilə əlaqədardır. "Belə ki, 30-cu illərdə tikilmiş və 24 ailənin yaşadığı 2 barak tipli bina uzunmüddətli qrunt suları içərisində qaldığından binalara ciddi ziyan dəymişdir. Mən yenə Nazirlər Kabinetindən xahiş edirəm ki, bu məsələni nəzərə alsın və problemin həllinə köməklik etsin", - deyə A.Quliyev seçicilərinin sözünü ali qurumda səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti