...

Əli Əliyev müxalifət partiyalarının vahid komandada birləşməməsinin səbəblərini açıqlayıb

Siyasət Materials 29 Mart 2015 15:48 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının vahid komandada birləşməməsinin səbəblərindən danışıb.
Əli Əliyev müxalifət partiyalarının vahid komandada birləşməməsinin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Elçin Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının vahid komandada birləşməməsinin səbəblərindən danışıb.

Ə.Əliyev Trend-ə bildirib ki, burada əsas səbəb partiya rəhbərlərinin fərqli mövqelərdən çıxış etməsidir: "Müxalifəti bu seçkilərdə tam tərkibdə vahid komanda şəklində görmək niyyətində idik. Ancaq təəssüflər olsun ki, müxtəlif səbəblərdən müxalifət tam olaraq bloklaşa və vahid müxalifət korpusu formalaşdıra bilmir".

Onun fikrincə, burada əsas səbəblərdən biri də siyasi hədəflərə çatmağın trayektoriyasında fərqlilikdir: "Bir qisim partiyalar yalnız inqilabi yolu tərcih edirlər. Misal üçün Milli Şuranın ritorikası, orada əsas partiya kimi təmsil olunan AXCP-nin davranış tərzi və yaxud da ki, Müsavat Partiyası rəhbərliyinin qurultaydan sonra sarsıntılara məruz qalaraq yürütdüyü xətt bunu deməyə əsas verir. Bir qisim partiyalar, o cümlədən biz hesab edirik ki, hakimiyyət dünyada gedən prosesləri nəzərə alıb həm siyasi, həm də iqtisadi tendensiyanı əsas götürərək ölkədə siyasi yumşalma ovqatı formalaşdırmağa üstünlük verə bilər. Ona görə də biz ölkədə başlamış iqtidar-müxalifət dialoqu ilə bağlı atılan addımları doğru hesab edirik və dialoqun nəticəsi olacağına ümidvar olduğumuzu bildiririk. Siyasi prosesləri önə aparmaq üçün digər metodlardan istifadə etmək istəyən partiyalar da mövcuddur. Bir sıra partiyalar radikal yolu, bir sıra partiyalar mükalimə yolunu, bir sıra partiyalar isə ümumiyyətlə, imitasiya yolunu vacib sayıb müxalifəti vahid mövqedə təşkilatlanmaqdan məhrum edirlər".

Rəhbərlik etdiyi partiyanın parlament seçkilərində hansı formada təmsil olunması məsələsinə gəlincə isə, Ə.Əliyev bu barədə yekun qərarı partiya Məclisinin verəcəyini bildirib: "Hazırda partiya "Azadlıq-2015" blokunda təmsil olunur, ancaq partiya Məclisinin orada tam hüquqla təmsil olunmaq üçün qərarı olmalıdır. Hələlik müvəqqəti mənə orada partiyanı təmsil etmək səlahiyyəti verilib. Yaxın zamanlarda bununla bağlı yekun qərar veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti