...

Allahşükür Paşazadə: "Biz radikalizmin kökünü kəsəcəyik"

Siyasət Materials 30 Mart 2015 14:20 (UTC +04:00)
"Azərbaycana qarşı ekstremist-dini qüvvələr, cərəyanlar var"
Allahşükür Paşazadə: "Biz radikalizmin kökünü kəsəcəyik"

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlkin İzzət/

"İndi çox çətin dövrdə yaşayırıq. İnanın ki, bizə qarşı olan qüvvələr, hətta ekstremist-dini qüvvələr, cərəyanlar var. Onların bəzilərinin maliyyələşməsi bəlkə Ermənistana, erməni ekstremistlərinə gedib çıxır. Bəlkə də onlar ayrı adlarla, təkfirçi və s. adlarla bura gəlib çıxıblar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Getdiyimiz yol doğru yoldur. Allahın bizə buyurduğu yoldur, inşallah bu yolla da gedəcəyik və haqqı da Allah bizə nəsib edəcək".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, bu, bizim üçün çox vacib məsələdir, bir vətəndaş məsələsidir: "Molla məsələsi deyil. Kimin qeyrəti, namusu varsa, vətəndaşdırsa, azərbaycanlıdırsa, türkdürsə, vicdanı varsa, soyqırım məsələsinə öz münasibətini bildirməlidir. Mən hələ sovet dövründə şeyx olanda bizi Türkiyəyə getməyə qoymurdular. İrana, Səudiyyə Ərəbistanına getmək olardı, amma Türkiyəyə yox. Bizim Türkiyə ilə əlaqərimiz yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra yarandı. Türkiyədən, türklərin birliyindən qorxurdular. Bu gün də qorxurlar. Bu gün də çalışırlar ki, aramızda nifaq yaratsınlar. Biz buna gedən deyilik.

Biri o birini şiə adlandırır, o biri sünni adlandırır. Bunlar bizi bir-birimizdən ayırmaq deməkdir. Bu, siyasətdir. Biz məzhəb ayrı-seçkiliyi edən deyilik. Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bunu bilin, bir daha deyirəm, mənə inanıblar ki, bura seçilmişəm, kim əgər sünni-şiəlik etsə, məzhəb ayrı-seçkiliyi etsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam. Hamımız Vətənə xidmət, Allaha ibadət etməliyik.

Sünni məzhəbinin özündə də bəzi təfriqələr var. Bunlar olmamalıydı. Hətta şiələrin də içində təfriqə yaradılıb və yaradılır. Amma biz buna gedən deyilik. Bəzən adamlar xülyalarla yaşayırlar ki, burada onlar üçün yer tapılacaq, onlar üçün imkanlar yaranacaq və onlar gələcəkdə nəyəsə nail olacaqlar. İnanın ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Biz radikalizmin kökünü kəsəcəyik".

Şeyx həmçinin xatırladıb ki, Ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəmənə qarşı koalisiya yaratdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti