Azərbaycan, Bakı, 8 aprel /Trend/
Millət vəkili Qənirə Paşayeva Parisdə Fransa parlamentinin deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla vurğulanıb. Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və Dağlıq Qarabağ həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində gördüyü işlər xüsusi vurğulanıb.
Görüş zamanı Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlər barədə də danışılıb. Q.Paşayeva deyib ki, çox təəssüf ki, bütün beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, 20 ildən artıqdır 1 mliyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün, yüz minlərlə qadın bu gün də öz evinə dönə bilmir və bu, çox ciddi bir problemdir: "Harada baş verməsindən asılı olmayaraq, insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına imkan verilməməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə dönə bilmələri üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər".
O, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselə hər zaman Azərbaycana dəstək verdiyi və ədalətin yanında olduğu üçün təşəkkürünü bildirərək ona Azərbaycan həqiqətlərinə dair kitab və materiallar da təqdim edib.
Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyən Fransa parlamentinin deputatı qeyri-hökumət təşkilatları, assosiasiyalar arasında əməkdaşlığın daha da genişlənməsini vacib saydığını deyib və Azərbaycanı Fransada doğru şəkildə təqdim edən layihələrin, o cümlədən məcburi köçkünlərlə bağlı, Azərbaycanda tolerantlıq və qadın haqları sahəsində əldə edilən uğurlarla bağlı daha geniş məlumatların çatdırılmasını nəzərdə tutan layihələrin daha da artmasının vacibliyini dilə gətirib. Azərbaycanın Fransadakı səfirliyi ilə, Azərbaycanla bu istiqamətdə işlərin bundan sonra daha da artacağını deyən deputat bəzi layihələrlə bağlı düşüncələrini söyləyib və fikir mübadiləsi aparılıb.