Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə Türk dünyasına qarşı ikili standartlardan irəli gəlir". Bu barədə Trend-ə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov qeyd edib ki, əslində bu gözlənilən bir məsələ idi: "Avropanın türk dünyasına münasibəti məlumdur. Dəfələrlə də bu cür qətnamənin qəbul edilməsinə cəhd edilib. Amma görünür indi Türkiyənin, türk dünyasının inkişafı onları bu addımı atmağa vadar edib".
N.Cəfərov vurğulayıb ki, bu, faktiki olaraq bir təzyiq vasitəsidir: "Erməni isə burada bir vasitədir. Əslində burada ermənilərin xeyrinə heç nə yoxdur. Zahirən elə görünür ki, ermənilər müdafiə olunur, sadəcə olaraq burada məqsəd ayrıdır, Türkiyəyə təzyiq etmək və erməni də burada vasitə kimi istifadə edilir".
N.Cəfərov vurğulayıb ki, tarix ilə tarixçi məşğul olmalıdır, tarix ilə siyasətçi məşğul ola bilməz və tarix hansısa siyasi konyekturanın predmeti ola bilməz: "Belə bir şey olsa, onda dünya tarixində ən müxtəlif hadisələri gərək yendən şərh edərək, hansısa milləti qınayaq və ya cəza tələb edək. Sadəcə olaraq dünyanın da öz ikili standartları var".