Azərbaycan xəbərlər xidməti
Məftun Saımanov - Trend:
Ermənistanın dünyaya ixrac edə biləcəyi yeganə məhsul yalandır. Bu ölkə dünyada ən böyük yalan ixracatçısı kimi tanınır.
Sabah bu yalanların ən böyüyü olan qondarma "erməni soyqırımı"nın "100 illiyi" keçiriləcək. 1915-ci il hadisələrinin Ermənistan tərəfindən təhrif edildiyini başa düşmək üçün nə tarixçi, nə də siyasətçi olmaq lazımdır. Bu məsələ ətrafında baş verən hadisələri xronoloji baxımdan və diqqətlə izləsək, yalanı ifşa edə bilərik.
Adətən, saxta "soyqırım"ın xarici ölkələr tərəfindən tanınması bu hadisələrin yubiley tarixlərinə təsadüf edir. Buradan nəticə çıxarmaq olar ki, Yerevan və erməni diasporu uydurma "soyqırım"ın bu tarixlərdə tanınmasına çalışmaqla dünyanın diqqətini 1915-ci il hadisələrinə çəkmək niyyətindədir. Digər bir məsələ isə "erməni soyqırımı"nın xarici ölkələr tərəfindən tanınıb-tanınmasının dövlət və hökumət başçılarının fikir və düşüncələrinin ümidinə qalmasıdır. Yəni, bu və ya digər ölkədə "soyqırım" bir hökumət tərəfindən qəbul edilə, yeni hökumət tərəfindən isə qəbul edilməyə bilər.
Bu isə "soyqırım" kimi ciddi ittihamın əsaslarının olmadığını sübut edir. Əgər həqiqətən də "soyıqırm" baş versəydi, o zaman az qala bütün Avropa və Amerika ermənilərə tam dəstək verərdi. Buna heç kəsin şübhəsi olmasın. İddialar yalan olduğundan həmin Qərb manevr etmək məcburiyyətindədir.
Yuxarıda sadalanan amilləri nəzərə alanda ermənilərin Rusiya və Fransa prezidentlərinin Yerevana gəlməsini sevinclə qarşılamasını başa düşmək olar. Yalanın ətrafına Kipr və Serbiyanın dövlət başçıları da yığışacaq. Yerevana kimin gəlməsindən asılı olmayaraq, bu, saxta "erməni soyqırımı"nın baş verdiyini sübut etmir.
Bu dördlüyün Yerevana getməsi insanda acı təbəssüm yaradır. Əlcəzairdə və Serebrenitsada soyqırım törədən Fransa və Serbiya, "xalqlar həbsxanası" adlandırılan Rusiya və vaxtilə adadan türkləri silah yolu ilə sıxışdırmağa çalışan Kipr.
Fransanın müstəmləkəsi olduğu ölkələrdə qətliamlar törətməsi və onların sərvətlərini talan erməsinin fəsadları hələ də davam edir. Ötən həftə miqrantlarla dolu gəminin İtaliya sahillərində batması nəticəsində xeyli sayda insanın ölməsi Fransa kimi imperialist dövlətlərin "uzaqgörən siyasəti"nin məhsuludur.
Vladimir Putinin Yerevana getməsini rus əsgərinin bir erməni ailəsini məhv etməsinin kompensasiyası kimi də qələmə vermək olar. Əgər, o getməsəydi, Ermənistanda Rusiya əleyhinə meyillər arta bilərdi.
Osmanlının tərkibində olmuş Serbiya və Kipr isə ənənəvi türk düşmənləri olduğundan burada qeyri-adi heç nə yoxdur.
İstənilən halda bu dördlüyün Türkiyə və Azərbaycanla əlaqələri yaxşı olasa da, strateji məsələlərdə hələ də Ermənistanın yanında olduğunu göstərir.
Bəs, görəsən, aprelin 24-dən sonra nə baş verəcək? Həmin dördlük də daxil olmaqla, Türkiyəni qondarma "soyqırım"ı tanımağa çağıran dövlətlər Ankara ilə münasibətləri inkişaf etdirməyə can atacaqlar.
Yəni nə Rusiya-Türkiyə, nə də Fransa-Türkiyə əlaqələri zəifləyəcək və ya dayandırılacaq. Dünya siyasətində kimin kimlə dost və ya düşmən olduğu tarixən məlumdur. Burada söhbət milli maraqlar və gücdən gedir.
"Gücün varsa, sən də et" siyasətinin hökm sürdüyü dünyada belə yalanlara qalib gəlməyin yeganə yolu gücdən keçir. Bunu Türkiyə və Azərbaycan anlayır və oyunun şərtlərini qəbul edib. Qalır bunu reallığa çevirmək ki, bunun da öhdəsindən iki türk dövləti gələ bilir.
Bakı və Ankara bu yolda uğurlu addımlar ataraq gündə-günə güclənir.