...

Azərbaycanın müxalifət partiyası seçkilərə iddialı gedir

Siyasət Materials 22 İyul 2015 15:38 (UTC +04:00)
“Biz özümüzü güclü hesab edirik. Partiya sədri kimi öhdəlik götürürəm ki, AMİP bu dəfə parlamentdə təmsil olunacaq”.
Azərbaycanın müxalifət partiyası seçkilərə iddialı gedir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Elçin Mehdiyev/

"2010-cu il parlament seçkiləri öncəsi siyasi ab-hava ilə indiki siyasi ab-havanı müqayisə etsək, müxalifət düşərgəsində xeyli passivlik var". Bunu Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu, siyasi partiyaların gücdən düşməsi və digər məsələlərlə əlaqədardır.

Y.Bağırzadə bildirib ki, qarşıdan gələn parlament seçkilərində hansısa siyasi bloka qoşulmaq barədə qərar qəbul edilməyib: "Hələ ki, seçkilərə heç bir bloka qoşulmadan hazırlaşırıq. İstəyirik ki, hər bir dairədən namizədimiz olsun. Lakin seçkilərə blok şəklində getmək məsələsi açıq olaraq qalır. Yaxın günlərdə məsələyə tam aydınlıq gətiriləcək. Ola bilər ki, bu məsələ yenidən müzakirə olsun. Hazırda partiyanın namizədlərini müəyyənləşdiririk. 2010-cu ildə də seçkilərə təkbaşına getdik və hakim partiyadan sonra ən çox namizəd irəli sürdük. Müxtəlif siyasi təşkilatlarla da əməkdaşlıq edə bilərik. Çalışacağıq ki, hansı dairələrdə güclüyüksə, oradan namizəd verək".

AMİP sədri parlament seçkilərində uğurla iştirak edəcəklərinə əminliyini bildirib: "Biz özümüzü güclü hesab edirik. Partiya sədri kimi öhdəlik götürürəm ki, AMİP bu dəfə parlamentdə təmsil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti