Azərbaycan, Bakı, 3 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq qərara alıb ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.