Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Bolqarıstanın paytaxtı Sofiyada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri" konfransı öz işinə başlayıb. Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Məlumatda bildirilir ki, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə keçirilən konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə edilir. Konfransda miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin rəhbərləri - Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Prezidenti Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edir.
Konfransı giriş sözü ilə açan Bolqarıstan Prezidenti R.Plevneliyev Avropanın İkinci dünya müharibəsindən bəri çox dərin siyasi, iqtisadi və humanitar böhran yaşadığını bildirib: "Biz çox çətin dövrdə yaşayırıq, böhran səviyyəsi rekord həddə çatıb. Dövlətlərin süqutu, dondurulmuş münaqişələr, müharibə, terror Avropanın təhlükəsizliyini təhdid altına alır. Bu təhlükəni hiss edən insanlar siyasətçilərdən böhranın həllinə yönəlmiş konkret fəaliyyət gözləyir".
R.Plevneliyev milyonlarla insanın münaqişə bölgəsini tərk etməyə məcbur qaldığını, yüz minlərlə qaçqının Avropaya pənah gətirdiyini və yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb. Prezident yaranmış vəziyyətin qlobal miqyasda həlledici fəaliyyət tələb etdiyini deyib.
Sonra çıxış edən Makedoniya Prezidenti George İvanov isə bildirib ki, Yaxın Şərqdən qaçqınların axını ilə əlaqədar ölkəsi çox ciddi humanitar fəlakətlə üz-üzədir: "Bu gün minlərlə qaçqın Makedoniyadan Avropaya daxil olmağa cəhd göstərir. Amma Avropa ölkələri bu qaçqınları qəbul etməkdə maraqlı olmadığından Makedoniya problemin ağırlığını tək daşımalı olur. Biz yaranmış vəziyyətdən çıxış yolu tapılmasında Avropadan daha çox yardım gözləyirik" - deyə ölkə başçısı əlavə edib.
Konfransın açılışında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov da çıxış edərək konfransın təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər. Mərkəzin indiyədək gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayan siyasətçilər bildiriblər ki, hazırkı çətin geosiyasi vəziyyətdə Mərkəzin gördüyü işlər çox vacibdir.
Daha sonra konfrans panel iclaslarla işini davam etdirib. Panel müzakirələrdə Polşanın esk-prezidenti Bronislav Komorovskiy, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Moldavının keçmiş Prezidenti Pyotr Luçinskiy, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç iştirak edib. Onlar Yaxın Şərqdəki qaçqın böhranı ilə əlaqədar Avropada yaranmış hüquqi, humanitar problemlərin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həll yolları barədə geniş fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.
Konfrans bu gün işini yekinlaşdıracaq.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.