...

AMİP yeni sədr seçməyə tələsmir

Siyasət Materials 4 Noyabr 2015 18:01 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qurultay keçirməyə və yeni sədr seçməyə tələsmir.
AMİP yeni sədr seçməyə tələsmir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qurultay keçirməyə və yeni sədr seçməyə tələsmir. Bu barədə Trend-ə AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Ə.Orucov bildirib ki, qurultay keçirmək üçün birinci Siyasi Şuradan başlamaq lazımdır: "Nizamnaməyə əsasən, Siyasi Şura Mərkəzi Şuranı, Mərkəzi Şura isə müvafiq olaraq qurultayı çağırır. Bu strukturlar qurultay çağırmaqla bağlı hələlik heç bir təşəbbüs göstərməyib".

Onun sözlərinə görə, partiyada sədrin olmaması elə bir ciddi problem yaratmır: "Çünki partiyada kollegial idarəçilik var, eyni zamanda funksional idarəçiliklə məşğul olan katiblik var. Ona görə də partiyada hansısa vəzifəli şəxsin istefası ciddi problemlər yaratmır. Bu baxımdan da sədrin olmamasına görə hər hansı ciddi problemlərlə üzləşməmişik ki, qurultayın keçirilməsini sürətləndirək və bu boşluğu təcili dolduraq".

Ə.Orucov əlavə edib ki, qurultay keçirmək istiqamətində tədbirlərin görülməməsinin səbəblərindən biri də təmsil etdiyi partiyanın parlament seçkilərində iştirakı olub. O, qeyd edib ki, partiya əsas diqqəti seçkilərdə iştiraka yönəltmişdi: "Çox ciddi bir prosesdən çıxmışıq. Müəyyən emosiyalar, seçkiyə istiqamətlənmiş əhvali-ruhiyyə sakitləşdikdən sonra yəqin ki, qurultay məsələsinə də baxılacaq və bu istiqamətdə müvafiq addımlar atılacaq".

Qeyd edək ki, ötən ayın əvvəlində AMİP-in sədri Yusif Bağırzadə vəzifəsindən istefa verib. O, istefasını səhhətində yaranan problemlərlə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti