Təfərrüatlar əlavə olunub, ilk xəbər saat 11:11-də yayılıb.
Bakı. Seymur Əliyev - Trend:
Hazırda sülh və azadlıq ciddi çağırışlarla üzləşir. Trend-in məlumatına görə, bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Bolqarıstan prezidenti bildirib: "Biz II Dünya müharibəsi dövründən bəri ən pis vəziyyətin şahidi olmuşuq".
Onun sözlərinə görə, milli sərhədlər və beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi məsələləri çox vacibdir: "Biz beynəlxalq sistemlərin və institutların münaqişələrin nizamlanmasında həmişə kömək edə bilməyəcəyi mürəkkəb dünyada yaşayırıq".
Bolqarıstan Prezidenti əlavə edib ki, dünya tarazlıqdan çıxır və hazırda yeni balans tapmaq lazımdır.
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.
Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.
lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.