...

Mədət Quliyev: Terrorçuluğun və ekstremizmin doğurduğu problemlər beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir

Siyasət Materials 20 May 2016 08:56 (UTC +04:00)
Mayın 19-da Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.
Mədət Quliyev: Terrorçuluğun və ekstremizmin doğurduğu problemlər beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir

Bakı. Trend:

Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Trend Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumat verir ki, bu fikri mayın 19-da Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclasında iştirak edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev səsləndirib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunublar.

DTX rəisi general-leytenant M.Quliyev iclasda "Terrorçuluğun və ekstremizmin təzahürlərinə qarşı əməkdaşlığın fəallaşdırılması" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində dövlətimiz təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılmış DTX təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.

M.Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir.

Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilmişdir. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi "Əl-Qaidə", "İŞİD" və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar.

DTX rəisi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışının sonunda iclas çərçivəsində aparılmış müzakirələrin əmək­daş­lıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

İclasda transmilli mütəşəkkil cinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi, o cümlədən dünyadakı geosiyasi şəraitin inkişafının Mərkəzi Asiya regionuna təsiri, MDB iştirakçı dövlətlərin terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə qarşı 2014-2016-cı illər üçün tərəfdaşlıq Proqramının icra vəziyyəti, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqın aparılması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, SORB yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, MDB-nin Antiterror mərkəzinin fəaliyyətinin, həmçinin MDB iştirakçı dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının birləşmiş məlumat bankının Koordinasiya şurasının və Texniki komitəsinin iclasının yekunları və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuş, MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti