...

Professor Nərgiz Paşayeva: “Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir” (FOTO)

Siyasət Materials 26 May 2016 11:02 (UTC +04:00)
Mayın 25-də Londonda Böyük Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi adına mərkəzinin Azərbaycan və Britaniya tərəfdən rəhbərləri professor Nərgiz Paşayeva və professor Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003 - 2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi Lord Malkolm Brusla görüş keçiriblər.
Professor Nərgiz Paşayeva: “Britaniya Fondunun    yaradılması artıq tarixi mədəni zərurətdir” (FOTO)

Bakı. Trend:

Mayın 25-də Londonda Böyük Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi adına mərkəzinin Azərbaycan və Britaniya tərəfdən rəhbərləri professor Nərgiz Paşayeva və professor Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003 - 2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi Lord Malkolm Brusla görüş keçiriblər.

Prof. N.Paşayeva və prof R.Hoyland tərəfindən təşkil olunmuş bu görüşdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Maykl German da iştirak etmişdir. Görüşün əsas məqsədi, Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the study of Azerbaijan and the Caucasus) yaradılması ilə bağlıdır.

Qeyd edək ki, Lord Brus britaniyalı siyasətçilər arasında yeganə parlament üzvüdür ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edib və rəsmi inzibatı-icraçı funksiyanı daşıyıb. O,1983 - 2015-ci illərdə Şotlandiyanın Qordon qraflığını Britaniya parlamentində təmsil etmiş və 2005- 2015-ci illərdəBritaniya Parlamentinin Beynəlxalq İnkişaf Komitəsinə rəhbərlik etmişdir.

2014-cü ildə təmsil etdiyi Liberal Demokratlar partiyasının rəhbərinin müavini seçilmiş, bir müddət buvəzifədə çalışdıqdan sonra 2015-ci ildən Lordlar Palatasına üzv olmuşdur. Lord Brus Parlamentin enerji və Şotlandiya məsələləri, təhsil, ticarət, sənayə və ətraf mühit məsələləri üzrə sözçüsu olmuş, 1986- 1989 illərdə Şotlandiyanın Dandi Universitetinin (University of Dundee) rektoru vəzifəsində çalışmışdır. O öz seçki dairəsindən ardıcıl olaraq beş dəfə seçicilərin ən çox səsiniqazanan parlament üzvləri siyahısına daxil edilmiş və 2012-ci ildə Kraliça II Elizabet tərəfindən cəngavər titulu ilə təltif edilmişdir.

Qonaqları salamlayan və Lord Brusla tanışlığından məmnunluq duyduğunu bildirən Nərgiz Paşayeva görüşün Azərbaycan Demokratik Respublikasının yaranmasının 98-ci ildönümü ərəfəsində keçirildiyini qeyd etdi və iki ildən sonra, yüzillik yubileyini (1918-2018) qeyd edəcək ADR-in azərbaycanlılar üçün xüsusi bir önəm daşıdığını bildirdi. N.Paşayeva 1997-ci ildə təsis edilmiş İngiltərə-Azərbaycan Cəmiyyətinin 2007-ci ildən həmsədri oduğunu nəzərə çatdırdı və Cəmiyyətin müstəqil Azərbaycan tərəfindən İngiltərədə yaradılmış ən uzun tarixli (1997-2016) içtimai təşkilat olduğunu qeyd etdi.

Daha sonra söhbət 2013-cü ildə yaradılan və Britaniyanın məşhur Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən, yüksək akademik statusa malik olan, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) məqsəd və vəzifələrindən getdi.

N.Paşayeva: "Mühüm olanı odur ki, bu mərkəz nümayəndəçilik, təmsilçilik, zahiri effektə bağlı nümayişkəranə və az funksional, ani keçici kampaniya xarakteri daşımır. Məqsəd Azərbaycanın qədim və böyük mədəni intellektual tarixinin məhs Azərbaycana aid olmasını elmi yolla sübut etmək, yüksək elmi müstəvidə mübahisə aparmaq, eşidilmək hüququnu qazanmaq və əldə edilən dəyərli məlumatları Oksford universitetinin təqdimatında və daxilindən dünyaya yaymaqdır. Əlbəttdə, bu çox ciddi əmək, profesional davamlı səy, məsuliyyət və dəstək tələb edən unikal bir imkandır. Bu günki nəticələrimiz, başlanğıc, ilk addımlarımız bunları bacara biləcəyimizə ümid yaradır.

Bu ümidi real, işimizi faydalı və əhəmiyyətli, nəticələri doğru və pozitiv edən əlbəttə ki, universitetin bizimlə birgə çalışan professor müəllim heyətidir. Mərkəzin İngiltərə təfərindən rəhbəri, Oxford Universitetinin İslam tarixi üzrə aparıcı professoru Robert Hoyland, Oksford Universitetinin İranşünaslıq üzrə aparıcı professoru Edmund Herziq, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin doktoru Pol Vordsvors, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin doktoru Nikoloz Aleksizdze, Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin tədqiqatçısı doktor Marek Jankoviak, Oksford Universitetinin Tarix fakültəsinin doktoru Nik Evans, Oksford Universitetinin Rothermere Amerika İnstitutunun tədqiqatçısı, doctor Irina Şingiray, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin doktorantı Maroussia Bednarkieviç kimi tanınmış alimlərin Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətindəki səyləri və əməyi əvəzedilməzdir.

Nizami Mərkəzinin təqaüdü hesabına hazırda doktorant Ceyms Vayt al-Taalibinin (XI əsr) və Afisin (XIII əsr) işlərinin müqayisəsi ilə bağlı doktorluq işi üzərində çalışır, amerikalı magistr Eliza Mau-Pyu İslam tarixi üzrə elmi araşdırmalar aparır.

Ümumilikdə 4 tələbə artıq Nizami Gəncəvi Elmi Mərkəzinin təqaüdü ilə təhsil alır və iki tələbə də gələn il əlavə qəbul ediləcək. Təbii ki, bu tələbələr universitetin ciddi sınaq imtahanlarından uğurla çıxmış olanlardır".

Eləcə də qeyd edildi ki, Azərbaycanın ikinci müstəqillik dövründən sonra Britaniya ilə mədəni, siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsindəbir çox işlər görülsə də, Azərbaycan Britaniya cəmiyyətində və vətəndaşları arasında hələ də yetərincə yaxşı tanınmamışdır. Buna sübüt olaraq, son aylarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaranmış gərginliyinİngiltərə mətbuatında məhz "haqqında az məlumat olan" (underreported) və qəliz bölgə kimi qələmə verilməsi, dünya mətbuatında isə münaqişənin daha çox xristian-müsəlman münaqişəsi kimi göstərilməsidir.

N.Paşayeva: "Bir alim kimi deyə bilərəm ki, bunun əsas səbəblərindən biri Britaniya kimi qədim tarixi ənənəsi olan ölkədə və eləcədə qlobal elmi səviyyədə mühüm rol oynayan mötəbər elm ocağı kimi tanınan Oksford Universitetində 2013-cü ilə qədər (Nizami Gəncəvi Elmi mərkəzinin yaranma tarixi) Qafqazın qədim tarixi və mədəniyyəti çox hallarda bir tərəfli əsasən erməni tarixi və bir qədər də gürcü tarixi kontekstində öyrənilmişdir. Belə ki, hələ 1965-ci ildə Oksvord Universitetinin Şərqşünaslıq fakültəsində erməni elmi mərkəzi yaradılmış və bu günə kimi fəaliyyət göstərir.Təəssüflər olsun ki, bunun müqabilində bizim yaratdığımız mərkəz 51 il gec öz fəaliyyətinə başlayır - yəni bu dövr ərzində heç bir iş görülməmişdir. Halbuki, tarixi həqiqətləri elmi əsaslar və sübutlar üzərində qurub təqdim edən Britaniya cəmiyyətində ilk öncə məhz fundamental elmi ocaqlarla müştərək profesional elmi əlaqələr birinci dərəcəli əhəmiyyətə malikdir. Biz bunları yaxşı dərk edir, anlayırıq və səylərimizi universitetlərin, alimlərin, peşakarların, mütəxəssislərin işinə, əməkdaşlığına, birliyinə və qarşılıqlı etimadına yönəldirik, bu əlaqələrə dəstək olmağa çalışırıq. Çünki müasir zamanda universitet universitetlə, alim alimlə, mütəxəssis mütəxəssislə, peşəkar tədqiqatçı peşəkar tədqiqatçı ilə bərabər işləməlidir. Bu gün dəbdə olan multikulturalizm şuarı termin kimi yeni olsa da ideya kimi qədim dövrlərdən mövcud idi. Nizaminin tək bir "Yeddi Gözəl"i buna gözəl misaldır. Amma bu şuarı basmaqəlib halına çevirib, formal, dəbdə olan "mahnıya" döndərib, əsl əməyə, uzun müddətli, 10 illərlə dəvam edən, gündəlik zəhmətə köklənmiş işlərin və uğurların əvəzi kimi təqdim etmək heç də doğru olmaz. Halbuki, belə sırf dekorativ tendensiyalar da bəzən müşahidə olunur. İki ildən sonra Azərbaycan Şərqdə ilk olaraq yaratdığı, Demokratik Respublikanın 100 illiyini qeyd edəcək. Hələ o dövrdə yaranan Respublikanın ali hakimiyyətinin tərkibində azərbaycanlılarla yanaşı, ruslar, ermənilər, polyaklar, yəhudilər və digər millətlər də vardı. Bu isə Azərbaycanın dünən də, bu gün də tarixi tolerantlığının göstəricisidir. Maraqlı bir faktdır ki, hələ 1910-cu ildə İngiltərədə ermənilərin yaratdığı Birləşmiş Krallığın Erməni İcma Şurası (Armenian Community Council of United Kingdom) özünün 100 illik fəaliyyətini indi də davam etdirir. Bu bizim üçün müəyyən göstəricidir. Bu gün bizim vəzifəmiz Azərbaycanı bu ölkənin, İngiltərənin və onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqi səviyyədə təqdim və təmsil etməkdir".

Daha sonra 25 may tarixli bu görüşün əsas məqsədi müzakirə olundu. N.Paşayeva tərəfindən Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılması təklif edildi. Nəzərə çatdırıldı ki, bu ideya artıq bir neçə aydır ki, İngilətərənin Azərbaycan və Qafqaz regionu üzrə aparıcı alimləri - Oksford Universitetinin İslam tarixi üzrə, habelə Nyu York Universitetinin Qədim Dünya İnstitutunun aparıcı professoru, hal-hazırda Qafqaz regionunu öyrənən və qədim Bərdənin arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert Hoyland, Şotlandiyanın məşhur Sent Enryuz Universitetinin İslam, Orta Asiya (give more description and books) və Qafqaz bölgəsi üzrə professoru Endryu Pikok və Ekseter Universitetinin İslam tarixi və şiəlik təriqətinin yayıldığı əraziləri öyrənən professor Robert Qliv ilə məsləhətləşmələr əsasında yaranıb və çox müsbət qəbul edilib.

Adıçəkilən alimlər yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir, Şuranın sədri isə prof.N.Paşayeva seçilib.

Şuranın sədrinin sözlərinə görə, bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni, maarif, təhsil münasibətlərinə real töhvə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Professor N.Paşayeva vurğulayaraq dedi: "Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir. Bu zərurəti həyata keçirmək olduqca vacibdir."

Britaniyada fəaliyyət göstərən digər nufuzlu və şəffaf fondlar kimi, bu qurum da bu yaxınlarda Birləşmiş Krallığın ictimai təşkilatlar üzrə komissiyasında qeydiyyatdan keçiriləcəkdir. Beləliklə, bundan sonra fond Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları və mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fond həmçinin Britaniyada təhsil alan azərbaycanlı tələbələr ilə əməkdaşlıq edib onlara dəstək olmağa çalışacaq.

Fondun məqsədlərindən biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın alim və aparıcı mütəxəssslərini bir araya gətirib Azərbaycanı layiqli səviyyədə təmsil etməklə yanaşı Britaniyada yaşayan Azərbaycanlı icmasına dəstək olmaqdır. Bu Fondun yaradılması gündəliyə Böyük Azərbaycan mövzusunu gətirərək, sevimli vətənimizin tarixininin əzəmətli, qədim, şərəfli lakin geniş auditoriyaya açılmamış səhifələrini açmaq missiyasını qarşısına qoyub.

Dünyada yaşayan 40 milyona yaxın azərbaycanlıların əcdadlarının Bəşəriyyətə bəxş etdiyi böyük mədəni töhfələri və əbədi dəyərləri göstərmək, tarixi hörmətlə anmaq, böyük simaların-Nizami, Füzuli, Nəsimi, N.Tusi, Kəmaləddin Behzad, Ş.İ.Xətai, və bir çox başqalarının Azərbaycan övladları olduqlarını tək özümüzə deyil, dünyaya əyan etmək bizim vəzifəmiz və borcumuzdur. Habelə Fond Azərbaycanla bağlı Britaniya mətbuatındakı boşluğu doldurmaq üçün bu ölkənin aparıcı KİV-ləri, xüsusilə aparıcı telekanalları ilə əməkdaşlıq etməyi planlaşdırır.

Görüş zamanı professor N.Paşayeva, Britaniyada özünün zəngin siyasi təcrübəsi, nüfuzu və hörməti ilə tanınan Lord Brusu Fondun işinə məsləhət vermək üçün Qəyyumlar Şurasına üzv olmağı dəvət etdi. Lord Brus dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirdi. Sonda, yaradılan Fondun yaxın gələcəkdə Londonda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutuldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti