Bakı. Elçin Mehdiyev - Trend:
Konstitusiya Məhkəməsinin Plenumunda bu gün Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılır.
Trend-in məlumatına görə, Plenumun iclasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb. O qeyd edib ki, iclası 8 hakim idarə edir.
İclasda Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.
Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər layihəsinə baxılır.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.