Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Səid Xan Mohmandı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov səfir S.X.Mohmandı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edilib. İqtisadiyyat, enerji, ticarət, yüngül sənaye və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.