...

Misirdə Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 10 May 2017 20:15 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Misirdə Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn səfirlik əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Mahmud Aşmavi, Misir ictimaiyyətinin tanınmış xadimləri, KİV nümayəndələri, Azərbaycanın Misirdəki diasporası əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və ulu öndər Heydər Əliyevin güşələri ilə tanış olub.

Səfir T.Rzayev və Qəlyubiyyənin qubernatoru M.Aşmavi Misirin KİV-ni maraqlandıran suallara cavab veriblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət etmiş və heykəlin önünə gül-çiçəklər qoyaraq, Ulu öndərin əziz xatirəsini yad ediblər.

T.Rzayev tədbiri giriş sözü ilə açaraq, ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxunub, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Hazırda Azərbaycanın hər guşəsindəuUlu öndərin mirasına, məktəblərə, muzeylərə, teatrlara, yaşayış komplekslərinə, sənaye obyektlərinə, turizm, səhiyyə və idman mərkəzlərinə rast gəlindiyini vurğulayıb.

Çıxışında səfir iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Öz növbəsində, Qəlyubiyyənin qubernatoru M.Aşmavi ümummilli lider Heydər Əliyevin fəaliyyəti, həmçinin, onun rəhbərliyi altında Azərbaycanın qısa müddət ərzində sürətlə inkişaf etməsi barədə məlumatlı olduğunu qeyd edib. Qubernator həmçinin, yerli idarəetmə orqanları arasında münasibətlərin inkişafının iki ölkənin əlaqələrinin də dərinləşməsinə təsir etdiyini vurğulayaraq, bu sahədə indiyədək sıx əməkdaşlığın olduğunu və bundan sonra da əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

Elə həmin gün ulu öndərin ad günü münasibətilə səfirlikdə tədbir keçirilib.

Tədbirdə Misirdə yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Misirin Qahirə və Ayn Şəms universitetinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfirliyin əməkdaşı Emil Rəhimov ulu öndərin müasir Azərbaycanın quruculuğunda müstəsna xidmətlərinə toxunub, məhz onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın dinamik surətdə inkişaf etdiyini, ölkədə əmin-amanlığın və sülhün bərqərar olduğunu vurğulayıb.

“Vətənpərvər”-Azərbaycanın Misirdə Diaspora Təşkilatları Birliyinin sədri Seymur Nəsirov ulu öndərin elmə, təhsilə, mədəniyyətə, ölkəmizə dost olan ölkələrlə, o cümlədən Misilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, 1994-cü ildə rəsmi səfərlə Misirdə olduğunu qeyd edib.

Tədbir iştirakçıları Heydər Əliyev haqqında sənədli filmə baxıblar.

Daha sonra Misirin Qahirə və Ayn Şəms universitetlərinin tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri elan olunmuş, səfir T.Rzayev qaliblərə qiymətli hədiyyələr verib. Digər müsabiqə iştirakçılarına isə “Vətənpərvər”-Azərbaycanın Misirdə Diaspora Təşkilatları Birliyinin sədri, eyni zamanda Qahirə universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilini tədris edən S.Nəsirov tərəfindən diplomlar təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla birlikdə Ümummilli liderin büstünün yanında xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, ulu öndərin doğum gününün 94 illiyi Misirin KİV-də geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti