...

Türkiyəli nazir: Bu məqam Bakı-Tbilisi-Qars dəmiryoluna üstünlük verilməsinə səbəb ola bilər (ÖZƏL)

Siyasət Materials 5 Oktyabr 2017 11:07 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun yükdaşıma baxımından böyük potensialı var.
Türkiyəli nazir: Bu məqam Bakı-Tbilisi-Qars dəmiryoluna üstünlük verilməsinə səbəb ola bilər (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun yükdaşıma baxımından böyük potensialı var.

Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan oktyabrın 28-də açılışı gözlənilən BTQ-nin əhəmiyyətini şərh edərkən deyib.

Nazirin sözlərinə görə, əgər yükdaşımanı təhlil etsək, Çindən Almaniya, Fransa və İngiltərə kimi ölkələrə yükdaşımaların 45-62 gün çəkdiyini görə bilərik:

"Əgər bu yükdaşıma Avropa İttifaqı (Aİ) ölkələrinə Türkiyə vasitəsilə icra edilsə, o zaman yükləri 30-45 günə çatdırmaq olar. Bu, məhz həmin dəhlizə üstünlük verilməsinə səbəb ola bilər".

Ə.Arslan bildirib ki, Çindən Aİ ölkələrinə illik yükdaşıma təqribən 240 milyon ton təşkil edir:

"Əgər hər il Türkiyə əraizisi ilə Aİ ölkələrinə ümumi yüklərin 10 faizi çatdırılsa, bu, ən azı 24 milyon ton əlavə yük olacaq".

O xatırladıb ki, 2004-cü ildə Tbilisidə Türkiyə-Gürcüstan-Azərbaycan birgə nəqliyyat komissiyası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyan BTQ dəmiryolu layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib:

"Məhz bu layihə sayəsində Türkiyə, Gürcüstan və Azərbaycan Mərkəzi Asiyanın türkdilli ölkələri, eləcə də Pekin və Londonla birləşəcəklər".

Nazir qeyd edib ki, BTQ-nin köməyi ilə Türkmənistan və Qazaxıstan da Azərbaycandan Türkmənbaşı və Aktau limanları vasitəsilə birləşə bilər.

Ə.Arslan əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra yükdaşımaların ilkin həcmi 6,5 milyon ton təşkil edəcək:

"2023-cü ilə isə yükdaşımaların 6,5 milyondan 17 milyon tonadək artırılması gözlənilir. Sərnişin axını isə 1 milyondan 3 milyon nəfərədək artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti