Bakı. Samir Əli - Trend:
RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin erməni lobbisinin sifarişi əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərir.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
T.Kərimlinin sözlərinə görə, Rusiya Dövlət Duması deputatının bu cür fəaliyyəti qəbulolunmazdır və ciddi şəkildə müzakirə olunmalıdır: "Yeri gəlsə, bu məsələ Dövlət Dumasında da müzakirə edilməlidir. Çünki Zatulinin vəzifəsi MDB ölkələri ilə münasibətləri tənzimləməkdir. Bu şəxs həmin ölkələrlə Rusiyanın münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır, nəinki iftiralar atmalıdır".
Millət vəkili bildirib ki, K.Zatulinin mövqeyi Rusiyanın Azərbaycanla bağlı mövqeyini əks etdirə bilməz: "Aydındır ki, bu məsələ Rusiyanın mövqeyi deyil. Amma bu, müəyyən rəy yarada bilər. Məlumdur ki, Zatulinin ermənilərlə yaxınlığı var, bu şəxs hər zaman erməni lobbisindən asılı vəziyyətdədir. Buna görə də hər dəfə Azərbaycana böhtan atır. Onun Azərbaycanla Rusiya arasında münasibətləri pozmaq cəhdi, Azərbaycana qarşı bu cür davranışları heç cür qəbuledilən deyil. Ümumiyyətlə, bu məsələyə ciddi yanaşılmalıdır, çünki Zatulin vəzifəli şəxsdir".
T.Kərimli qeyd edib ki, bununla yanaşı, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyi və Dövlət Duması qarşısında bu məsələni qaldırmalıdır: "Çünki Zatulin Azərbaycanı aşağılamağa cəhd edir. İki ölkə arasında əlaqələrin inkişaf etdiyi bir vaxtda erməni lobbisinin nökəri olan Zatulinin işi-gücü Azərbaycan və Türkiyə ilə Rusiyanın münasibətlərini əngəlləməyə çalışmaqdır".