Bakı. Trend:
Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Avstraliyada işgüzar səfərdədir.
Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibinə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə daxildirlər.
Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliyanın Federal Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçiriblər. Görüşlərin əsas məqsədi Avstraliya Parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinə Xocalı soyqırımının ildönümü barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Görüşlər ilk növbədə Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli ilə başlayıb. Görüş zamanı Kreq Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfəri barədə xatirələrini bölüşdü, ölkəmizin inkişafını xüsusilə qeyd etdi. O, aprel ayında keçirilmiş prezident seçiklərini müşahidı etdiyini və bununla bağlı xatirələrini bölüşdü. Cənab Kelli Avstraliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, bu münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində böyük potensiala malik olduğunu söylədi. Bununla yanaşı, nümayəndə heyəti Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels ilə görüş keçirmişdir. Senator Fierravanti-Uels 2017-ci ildə Azərbaycana həyata keçirdiyi səfəri xatırladaraq, səfər zamanı Azərbaycan Hökumətinin rəsmiləri və Parlamentinin rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini bildirdi. O, iki ölkənin parlamentləri arasında əlaqələrin daha inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Həmçinin, təhsil, mədəniyyət və multikulturalizm sahəhəsində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırdı və bu əməkdaşlığın təməlinin artıq qoyulduğunu söylədi. Senator Avstraliya və Azərbaycanın universitetləri arasında mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı. O, bu istiqamətdə əlaqələrin gücləndirilməsi üçün lazımi dəstəyin verilməsinə hazır olduğunu bildirdi.
Daha sonra, nümayəndə heyəti Avstraliya Parlamentinin Nümayəndə Palatasının üzvü Milton Dik ilə görüş keçirdi. Qeyd edək ki, Milton Dik 2018-ci ildə Avstraliya Parlamentinin nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. O, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi vurğuladı. Milton Dikin Parlamantdə təmsil etdiyi Kvinslend ştatının təbii ehtiyatlarla zəngindir. Həmçinin, həmin ştat kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Millət vəkili Azərbaycanla bu sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq dəstəyin veriləcəyini vəd etdi.
Səfər çərçivəsində Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü xanım Ənn Ali ilə görüş zamanı avstraliyalı deputat ölkəsinin Azərbaycan ilə çoxşaxəli əməkdaşlığa maraq göstərdiyini qeyd etdi və bu münasibətlərin həm humanitar, həm də siyasi və iqtisadi sahələrdə həyata keçirilməsi üçün lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirdi. O, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını və Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurların qonşu ölkələr üçün nümunə olduğunu vurğuladı. Azərbaycanın multikulturalizm modelinin regionda yayılması üçün böyük potensialın olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququnu verdi. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığını vurğulayaraq, bu kimi dəyərlərin regionda bir sıra dini münaqişələrin həllinə müvafiq töhvə verə biləcəyini bildirdi. O, Azərbaycanın terrorizm və dini radikallıq ilə mübarizədə oynadığı rolu xüsusilə vurğuladı.
Qeyd olunmalıdır ki, bütün görüşlər zamanı avstraliyalı millət vəkilləri Azərbaycanın acısını bölüşdüyünü bildirdilər və gələcəkdə bir daha bu cür faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin ciddi dəstəyini sülh prosesinə vermyə hazır olduğunu vurğuladılar. Millət vəkilləri Mariya Vamvakinu və Stiv Qeorqanas ilə görüş zamanı qarşı tərəf Azərbaycanda iqtisadi sahədə həyata keçirilən irimiqyası layihələrin önəmini qeyd edərək, ölkəmizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrin Avstraliyanın müttəfiqi olan Avropa ölkələrinin bəhrələnə biləcəyini bildirdi. Bu qlobal iqtisadi layihərlə yanaşı, Azərbaycanın məhz humanitar, o cümlədən multukulturalizm sahəsində də apardığı işlərin önəmini vurğuladılar. Azərbaycanın layihələri sülh gətirən layihələrdir. Parlamentin kənd təsərrüfatı üzrə daimi komitəsinin sədri cənab Rik Vilson ilə görüş zamanı əsas diqqət Azərbaycan və Avstraliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın aparılmasına yönəlmişdir.
O cümlədən suvarma sahəsində Avstraliyanın təcrübəsinin öyrənilməsi. Pambıq istehsalı sahəsində Avstraliyanın qabaqcıl texnologiyasının öyrənilməsi. Avstraliya bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Eyni zamada, dağ-mədən sahəsində əməkdaşlıq imkanları, o cümlədən Avstraliyanın təcrübəsi. Azərbaycan üçün mütəxəssislərin hazırlanması. Rik Vilson gələcəkdə Azərbaycana səfəri zamanı aidiyyəti qurumlarla danışıqlar aparmaq niyyətində olduğunu bildirdi. Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi bildirildi.