...

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)

Siyasət Materials 23 Fevral 2019 15:42 (UTC +04:00)
Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Trend-in məlumatına görə, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilən və Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirə Viktoriya parlamentinin deputatları, ictimai xadimlər, Melburnda yaşayan həmyerlilərimiz və media təmsilçiləri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilən faciə barədə ətraflı məlumat verib. Qeyd edib ki, dünyanın bir çox ölkələri, eyni zamanda ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırımı kimi tanıyıb. E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb və onları tezliklə bu addımı atmağa çağırıb.

Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasını sədri Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bildirib ki, bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırda bölgə üçün ən böyük təhlükə mənbəyi olduğunu bildirib.

Toplantıda çıxış edən Viktoriya ştatı parlamentinin sabiq spikeri Brüs Atkinson belə faciələrin gəlcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini qeyd edib.

Xocalı faciəsi ilə bağlı xalqımızın kədərini bölüşdüyünü deyən kölgə hökumətinin multikulturalim üzrə naziri, millət vəkili Nil Anqus bu ştatda yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığı barədə məlumat verib. N.Anqus bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır.

Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərini daha fəal olmağa çağıran N.Anqus gələcəkdə də Azərbaycan ilə Viktoriya ştatı arasında əməkdaşlığın inkişafına yardım göstərməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən kölgə hökumətinin hüquq-mühafizə orqanları üzrə naziri, millət vəkili Devid Sautvik Xocalı faciəsi ilə bağlı xalqımızın kədərinə qoşulduğunu bildirərək qeyd edib ki, bu cür cinayətlər həmişə pislənməli və onların bir daha təkrar olunmasına yol verilməməlidir.

Azərbaycan icmasının bu faciə ilə əlaqədar Viktoriya ştatının ictimaiyyətinin məlumatlandırılmasında fəaliyyətini müsbət qiymətləndirən D.Sautvik Viktoriya parlamentində parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini də qeyd edib. Özünün də böyük məmnuniyyətlə həmin qrupun tərkibində olmaq istədiyini vurğulayıb.

Federal parlamentə Liberallar Partiyasından namizəd xanım Keyt Eşmor tədbirdə çıxış edərək Xocalı soyqırımının böyük cinayət olduğunu qeyd edib və bunu bütün insanlıq üçün faciə adlandırıb. Bu faciəni yəhudilərə qarşı törədilən Holokost ilə müqayisə edən K.Eşmor belə cinayətlərin təkrar olunmasının yolverilməz olduğunu vurğulayıb. Qeyd edib ki, belə faciələri törədənlər mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bu məsələdə ədalət bərqərar olmalı, insanlığa qarşı törədilən belə cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənilməlidir.

Tədbirdə çıxış edənlərin hamısı vurğulayıblar ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiqli olduqları cəzanı almalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti