...

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Siyasət Materials 18 Mart 2019 11:31 (UTC +04:00)
Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində icra başçısı Eldar Əzizovla Rusiya Federasiyasının Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə qonaqları salamlayan E.Əzizov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

O qeyd edib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var: “Bu gün Azərbaycanla Dağıstan və İnquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir".

Azərbaycanla Şimalı Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Dərbənd şəhər administrasiyasının başçısı Xizri Abakarov deyib ki, Dağıstanda Azərbaycanla münasibətlərə xüsusi önəm verilir.

Maqas şəhərinin meri Beslan Tseçoyev də Azərbaycanla İnquşetiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Görüş zamanı münasibətlərin genişlənməsində Bakı, Dərbənd və Maqas şəhərlərinin icra qurumlarının rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, görüşdən əvvəl qonaqlar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti