...

Asim Mollazadə: Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Siyasət Materials 19 Aprel 2020 13:45 (UTC +04:00)
Asim Mollazadə: Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda koronavirus pandemiyasının əhaliyə, o cümlədən sahibkarlara mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirləri çox zəruri və təqdirəlayiq addımlar kimi dəyərləndirmək olar. Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu tədbirlər sırasında əhalinin məşğulluğuna və sosial rifahına dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb:

"Bu tədbirlərin həyata keçirilməsi bilavasitə nümayiş etdirir ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Dövlət əhalinin həm sağlamlığının qorunması, həm də sosial müdafiəsi ilə məşğuldur. Pandemiyanın mənfi təsirlərinin azaldılması üçün görülən tədbirlər dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir".

A.Mollazadə qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib.

Deputat əlavə edib ki, dövlət koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır:

"Ümumilikdə pandemiyanın vurduğu zərərin təsirlərinin azaldılması üçün görülən tədbirlər çox genişdir. Prezident İlham Əliyevin verdiyi son göstəriş nəticəsində bu proqramın əhatə dairəsi daha da genişləndi, daha çox insan sosial və maliyyə dəstəyi aldı. Həm əhalinin sağlamlığının qorunması, həm də iqtisadi zərərlərin aradan qaldırılması üçün görülən bütün tədbirlər Azərbaycanı çox ciddi bəladan qoruyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti