...

Kamran Bayramov: Azərbaycanda həyata keçirilən regional siyasət nəticəsində bölgələrdə pandemiya ilə uğurlu mübarizə üçün əlverişli şərait yaradılıb

Siyasət Materials 20 Aprel 2020 19:14
Kamran Bayramov: Azərbaycanda həyata keçirilən regional siyasət nəticəsində bölgələrdə pandemiya ilə uğurlu mübarizə üçün əlverişli şərait yaradılıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən regional siyasət nəticəsində bölgələrdə pandemiya ilə uğurlu mübarizə aparmaq üçün əlverişli şərait yaradılıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmamasının əsas səbəbi dövlətimizin bu cür vəziyyətə tam hazırlıqlı olmasıdır. Koronavirus infeksiyasının aşkarlandığı ilk andan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə ciddi və təsirli işlər görülməyə başlanıb:

“Qısa müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Operativ Qərargah tərəfindən zəruri qərarlar qəbul edildi, təxirəsalınmaz tədbirlər görüldü və bu gün də həyata keçirilir.

Belə ki, infeksiyaya yoluxduğu güman edilən vətəndaşların karantinə alınması, koronavirusa yoluxan xəstələrin müalicəsinin təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən tibb müəssisələri hazır vəziyyətə gətirildi, böyük sayda tibb işçiləri cəlb edildi, həm paytaxtda, həm də regionlarda xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi.

Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən regional siyasət nəticəsində regionlarımızda bu pandemiya ilə uğurlu mübarizə aparmaq üçün əlverişli şərait yaradılıb”.

Deputat vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı üzrə çoxsaylı dövlət proqramlarının icrası nəticəsində isə rayonlarda iri miqyaslı infrastruktur layihələri reallaşdırılıb:

"Əksər rayonlarda yüksək səviyyəli şəraitlə və müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar və digər tibb müəssisələri inşa edilərək istifadəyə verilib ki, bu da pandemiya ilə mübarizədə mühüm rol oynayır. Koronavirus infeksiyasının ölkəmizdə o qədər də geniş yayılmamasının əsas səbəbi dövlətimizin bu cür vəziyyətə hazırlıqlı olması, qərarların vaxtında qəbul edilməsi və tədbirlərin ardıcıl surətdə həyata keçirilməsindədir”.

K.Bayramov əlavə edib ki, bununla yanaşı, pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına təsirinin minimuma endirilməsi istiqamətində kifayət qədər ciddi tədbirlər görülür:

“Cənab Prezident iqtisadiyyatın inkişafının və əhalinin sosial müdafiəsinin qorunması ilə bağlı mühüm sərəncam və tapşırıqlar verib. İlkin olaraq, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu. Cənab Prezident aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bəyan etdi ki, əlavə tədbirlərlə bağlı verdiyi tapşırıqlar nəticəsində bu məbləğ 3,5 milyard manatı ötə bilər. Pandemiyanın yaratdığı çətin dövrdə belə dövlət öz vətəndaşlarını düşünür. Onların həm məşğulluq, həm də sosial məsələlərinin həlli istiqamətində ciddi tədbirlər görür. Əgər ilkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılıb. Artıq 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Bundan əlavə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Bunlar bir daha sübut edir ki, cənab Prezidentin siyasətinin mərkəzində insan amili dayanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti