...

İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim

Siyasət Materials 16 Yanvar 2021 09:31 (UTC +04:00)
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi tarixə düşdü.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, 44 Günlük Vətən müharibəsi təkcə Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələnmədi. Bu müharibə həm də Azərbaycan millətinin ümummilli, taleyüklü məsələlərlə bağlı birliyini təcəssüm etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğalda olan ərazilərimizin azad edilməsi uğrunda siyasəti bir qrup ünsürlər istisna olmaqla, ölkədəki bütün siyasi qüvvələr tərəfindən dəstəkləndi, bu siyasətin doğru olduğu etiraf edildi:

"Bununla Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə ümummilli məsələlərlə bağlı Azərbaycanda müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi tarixə düşdü. Müharibə dövründə Azərbaycanla Ermənistan arasında əsas fərqlərdən biri də məhz bununla bağlı olmuşdur. Bu məsələdə ölkədə aparılan islahatlar çərçivəsində hələ yay aylarında iqtidarın müxtəlif siyasi qüvvələrlə apardığı iş, başlanılmış individual dialoq əhəmiyyətli rol oynayıb. Hətta iqtidara qarşı kəskin mövqe tutan bir sıra siyasi qüvvələrin yaratdıqları siyasi partiyaların və birliklərin qeydiyyatı, bir sıra siyasi partiyalar üçün simvolik məbləğlər müqabilində qərargahların ayrılması ölkədəki siyasi islahatların mühüm tərkib hissəsidir. Bəzi siyasi qüvvələrin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək, orada qərargahlarını yaratmaqla bağlı bəyanatları da maraq doğurur".

E.Kəlbizadə qeyd edib ki, indiki vəziyyətdə ölkədəki bütün siyasi qüvvələrin əsas hədəflərindən biri Qarabağın bərpası ilə bağlı Azərbaycan dövlətinin apardığı fəaliyyətin dəstəklənməsi, əhalinin işğal olunmuş ərazilərə tezliklə qayıtması üçün səylərin artırılması məsələləri olmalıdır. Çünki işğaldan azad olunan hər bir ərazi həm də siyasi fəaliyyət üçün yeni sahə deməkdir, xüsusən gələcəkdə bölgədə keçirilən bələdiyyə seçkilərində, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinin təşkilində müxtəlif siyasi partiyaların iştirakı ciddi əhəmiyyətə malikdir və Azərbaycan millətinin uzunmüddətli strateji maraqlarına cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti