...

Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL

Siyasət Materials 27 Yanvar 2021 21:00 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər - hər dövrün, hər dövlətin daim aktual olan təbəqəsi. Bu təbəqə bütün cəmiyyətlərin ən aparıcı və ideoloji silahı hesab edilir. Lakin bu gün bəzi cəmiyyətlərdə gəncliyə ciddi qısqanclıq münasibəti sərgilənir. Belə demək mümkünsə, onların hər bir uğuru, yenilikçi olmaları heç də özündən əvvəlki nəsil üçün qəbuledilən olmur.

Təəssüf ki, bütün postsovet məkanında olduğu kimi, köhnədən qalan bu stereotipdən biz də qurtula bilməmişik. Düzdür, dövlət səviyyəsində uğurlu gənclər strategiyası, gənclər siyasəti aparılır. Artıq bir çox nazirliklərdə və qurumlarda gənclər yüksək vəzifələrə gətirilib. Bununla belə, bir sıra ayrı-ayrı yerlərdə buna adekvat addımların atılmasına ehtiyac var. Çünki bəzi idarə və təşkilatlarda savadlı olsalar belə, hələ də səbatsız olan, köhnə düşüncəli, yeniliklərə açıq olmayan, təfəkkürü 90-cı illərdə qalan insanlar var.

Özəl qurumlar qısqanclıq duyğusunu ən son plana saldıqları üçün bu sektorda vəziyyət yaxşıdır. Bir bank ofisini düşünün, orada bütün idarə və işçi heyəti kimlərdir? Gənclər...

İstər istehsalatda, istərsə də idarəetmədə gənclər praktik, enerjili, həvəsli və ən əsası yenilikçidir. Müasir texnologiyanı tez qavrayır və onu öz işində asanlıqla tətbiq etməyi bacarır. Gənclərin bu bacarığı düzgün istifadə olunmadıqda onlar da xarici ölkə və təşkilatlara üz tuturlar.

Azərbaycan Prezidenti İlham Əliyev də yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha bu məsələyə toxundu. Bildirdi ki, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur.

“Gələcək vəzifələrə gəldikdə, əlbəttə ki, bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə, gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin” – deyə, dövlət başçısı qeyd edib.

Bəli, bu gün Azərbaycan özünün ən sürətli inkişaf mərhələsindədir. Artıq bütün sahələrdə dərin islahatlar gedir. Yeni dünya isə müasir texnologiya ilə idarə olunur. Bütün bunları öncədən qiymətləndirən Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu bu tələblər də olduqca başadüşüləndir.

Odur ki, bütün bunlardan nəticə çıxarmaq və çəkici bir amal uğrunda - dövlətimizin hərtərəfli və sürətli inkişafı üçün döymək lazımdır. Demirik ki, ortayaşlı və yaşlı insanlar rəhbər vəzifələrdən tamamilə uzaqlaşdırılsın. Sadəcə, təfəkkür və yanaşmanın dəyişməsi artıq zərurətə çevrilib.

Aydındır, uzun illər sovet ideologiyası ilə yaşamışıq, müstəqilliyimizin cəmi 30 yaşı var. Ona görə də bu günə qədər bəzi şıltaqlığa, naqisliyə göz yumuldu, nöqsanlar bağışlandı. Bundan sonrası isə bərhə götürmək zamanıdır. Hər bir istedalı gəncin 30 yaşa qədər öz istiqamətini tam müəyyənləşdirdiyi kimi, gənc Azərbaycanın da bütün inkişaf istiqamətləri artıq müəyyənləşib. Deməli, bir millət olaraq bundan sonra strateji düşünmək və strateji yaşamaq lazımdır!

P.S Hər bir uğurun sirri sevgidir, bir-birimizi sevməli və uğurlarına sevinməliyik. Xüsusən də gənclərin bu sevgiyə çox ciddi ehtiyacları var...

Elgün MƏNSİMOV
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti