...

Azərbaycan torpaqlarının işğalında AXC iqtidarının səriştəsizliyi böyük rol oynadı - Tarixçi alim

Siyasət Materials 18 Fevral 2021 16:57 (UTC +04:00)
Azərbaycan torpaqlarının işğalında AXC iqtidarının səriştəsizliyi böyük rol oynadı - Tarixçi alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan torpaqlarının işğal edilməsinin əsas günahkarı Ermənistanın Dağlıq Qarabağa əsassız ərazi iddiaları idi və bu iddianın gerçəkləşməsində Rusiya faktoru, ordumuzun içərilərinə soxulmuş milli satqınlar, daxili və xarici amillər, Azərbaycan Xalq Cəbhəsi iqtidarının səriştəsizliyi və təcrübəsizliyi böyük rol oynadı.

Bunu Trend-ə tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

Onun sözlərinə görə, SSRİ-nin süqutundan sonra erməni təcavüzinə qarşı mübarizədə Azərbaycanın vəziyyətini daha da ağırlaşmış, Dağlıq Qarabağda və Ermənistanla sərhəd bölgələrdə gündən-günə genişlənən erməni təcavüzünin qarşısını almaq xeyli çətinləşmişdi. Ordunun yaradılmasında, hərbi əməliyyatların keçirilməsində buraxılan ciddi səhvlərin və daxili qarşıdurmanın nəticəsində Azərbaycanın bir sıra torpaqları hələ 1992-ci ilin yanvar-fevral aylarında düşmənin əlinə keçmiş, fevralın17-də Qaradağlı, fevralın 25-26-da azərbaycanlılara qarşı əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı baş vermişdi.

Tarixçi alim qeyd edib ki, Dağlıq Qarabağda yaranmış gərginlik şəraitində respublikada ümumi hərbi vəziyyət elan etmək, qüvvələri səfərbərliyə almaq, dövlət orqanlarında nizam-intizam yaratmaq vacib olduğu halda, o vaxtkı rəhbərlik yalnız öz hakimiyyətinin möhkəmlənməsinə yönəldilmiş tədbirlər görürdü. Respublikada hökm sürən gərgin siyasi vəziyyət, dünya dövlətlərinin hadisələrə reaksiya vermədiyi bir dövrdə ümummilli mənafe naminə birləşə bilməyən iqtidarın və müxalifətin günahkarları öz içərilərində axtarma cəhdləri Azərbaycanın dövlətçiliyi üçün təhlükənin reallığını artırırdı.

Ə.Qurbanlı bildirib ki, Azərbaycanın fəal siyasi xətti yeritməməsindən, respublikadakı daxili siyasi gərginlikdən istifadə edən erməni işğalçıları Qarabağda hücumlarını genişləndirir, Şuşanın işğal təhlükəsini artırırdı. Hücum haqqında əvvəlcədən kifayət qədər kəşfiyyat məlumatlarının olmasına baxmayaraq, hakimiyyət uğrunda gedən mübarizə, hərbi rəhbərliyinin xəyanəti üzündən Şuşanın müdafiəsi təşkil edilməmişdi. Ermənilərin hücumuna beş gün qalmış təkcə könüllülər batolyonunun 700 döyüşçüsündən 300-dən çoxu istirahətə buraxılmışdı, şəhərətrafı sərhəd məntəqələrinin döyüşçülərinin sayı iki dəfə ixtisar edilmişdi. Bundan istifadə edən erməni hərbi birləşmələri tarixi Şuşa şəhərini 1992-ci il mayın 8-də işğal etdilər, emənilərin çoxdan ələ keçirməyə can atdıqları Şuşa-Laçın dəhlizi tutuldu.”Dəhliz” əməliyyatının başa çatması ilə Ermənistan Dağlıq Qarabağa əlavə hərbi texnika və qüvvə gətirmək imkanı əldə etmişdi:

"Bir məsələni qeyd edim ki, ilk vaxtlarda ordu könüllülük əsasında qurulmuş, təcrübəli hərbiçiləri az olan orduda ciddi nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələr müxtəlif siyasi qüvvələrin təsiri altında idi. Bəzi ictimai təşkilatların, məsələn, AXC-nin, hətta ayrı-ayrı şəxslərin hərbi dəstələri vardı. Hərb sənətini mükəmməl bilən sərkərdələr çatışmır, baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə daxil olan satqınlar hərbi informasiya məlumatlarını düşmənə sızdırılırdı. Ermənistan və Rusiya hərbçilərinin törətdikləri Xocalı soyqırımı, Şuşa və Laçının işğal olunması ölkədə son dərəcədə gərgin sosial-siyasi, iqtisadi və mənəvi-psixoloji vəziyyətdən çıxmaq üçün ilk növbədə ölkəyə başçı seçilməli idi. 1992-ci il iyunun 7-də AXC-nin sədri Əbülfəz Elçibəy respublikanın prezidenti seçildi. Bu, ölkənin real müstəqilliyinin, sosial-siyasi, mədəni və hərbi sahədə əsaslı islahatlar keçirilməsinin əsasını qoydu. Lakin AXC iqtidarı verdikləri vədə əməl edə bilmədilər. Daha təhlükəlisi isə cəbhədə prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun xəyanəti oldu. Onun tabeliyində olan ordunun vahid komandanlığa tabe olmaması və bu ordunun azad edilmiş Ağdərə rayonundan çıxarılması bu rayonun, həmçinin Kəlbəcərin ermənilərin tərəfindən işğalına gətirib çıxartdı".

Xəbər lenti

Xəbər lenti