Ağdam. Trend:
Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun iştirak etdiyi nümayəndə heyəti Ağdama səfər edib.
Trend-in Qarabağ bürosundan verilən məlumata görə, nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
O, bu gün Ağdamın işğal günü olduğunu və 28 il ərzində ermənilərin şəhəri xarabalığa çevirdiyi barədə məlumat verib.
Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber bildirib ki, işğaldan azad edilən əraziləri görəndə çox təsirləniblər: "Düşünürük ki, 30 il qabaq burada həyat olub, insanlar yaşayıb. Erməni silahlı qüvvələri müharibə vaxtı həmin insanları bu ərazilərdən çıxarıb. Vandalizm aktı törədilib, bütün şəhər tamamilə dağıdılıb. Lakin biz ümid edirik ki, qovulan insanlar yenidən öz ev-eşiklərinə qayıda biləcəklər və bu ərazilər tam şəkildə bərpa olunacaq".
Nümayəndə heyətinin digər üzvü Karol Büro-Bonnar isə Ağdamın işğal olunduğu gün bura səfər etməyin tarixi önəm daşıdığını bildirib: "İlk olaraq bu torpaqların işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu gün tarixi bir gündür. Biz hamımız şahid olduq ki, bütün binalar və şəhərin digər yerləri işğal zamanı pis vəziyyətə salınıb. Ümid edirəm ki, qısa zamanda həm Ağdam məscidi, həm də şəhərin özü bərpa olunacaq və insanlar bura gəlib ibadət edə biləcəklər".
Nümayəndə heyətini Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edib.