Bakı. Elçin Mehdiyev -Trend:
Vətən müharibəsi günlərində Fransanın nümayiş etdirdiyi qeyri konstruktiv möqeyinə baxmayaraq, bu gün Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək niyyəti məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin sürətləndirilməsi, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli bir təşəbbüsdür.
Trend-in məlumatına görə, bunu deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisdəki çıxışı zamanı deyib.
S.Məmmədov bildirib ki, dünən Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Komissiyanın sədri, baş katibi, XİN-nin nümayəndəsi və Fransa Milli Assambleyasının üzvü daxildir. Səfərin məqsədi Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən tədbirlər planını müvafiq dövlət qurumları ilə müzakirə etməkdir:
"Bu istiqamətdə ANAMA ilə Anlaşma Memoirandumunun imzalanması gözlənilir. İmzalanacaq Memorandum çərçivəsində cari ildə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Fransa Milli Komissiyası tərəfindən 500,000 avro maliyyə yardımı ayrılmışdır. Nümayəndə heyəti ilə Azərbaycan-Fransa Parlamanetlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri hörmətli Ziyafət Əsgərovun da iştirakı ilə dünən keçirilən görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüş zamanı Komissiyanın Baş Katibi 2022-ci ildən Avropa İttifaqına Fransanın sədrlik edəcəyi dövdə minaların qadağan olunması haqqında Ottava Konvensiyası çərçivəsində minalardan təmizlənmə istiqamətində böyük işlərin görüləcəyini və bu çərçivədə Azərbaycana böyük dəstək göstəriləcəyini xüsusi vurğulamışdır. Fransa eyni zamanda, mina partlayışlarından zərər çəkmiş, sağlamlığını itirmiş insanların reabilitasiyasına da dəstək vermək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin iştirakı ilə biz Fransanın Azərbaycandakı səfiri cənab Zaxari Qrossla bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müzakirə etmişik".
Deputat qeyd edib ki, həyata keçiriləcək bu layihələr Fransanın işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, regiona sabitliyin və sülhün gəlməsinə nə qədər ciddi önəm verdiyini göstərir: "Bu, həm də Fransanın dostluq jesti kimi qəbul edilə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan xalqı və dövləti üçün ən mühüm məsələlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanması üçün çox yaxşı zəmin formalaşdıracaq".