Bakı. Trend:
IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, əməkdaşlıq və inteqrasiya” mövzusunda iclas keçirilib.
Trend-in məlumatına görə, Latviyanın sabiq prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçirilən iclasda ermənistanla Azərbaycan arasında uzun sürən silahlı münaqişə və əvvəlki müharibələr nəticəsində tamamilə dağılmış münasibətlər necə bərpa oluna bilər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində doğru vasitəçi kim ola bilər və bir sıra mövzularda müzakirələr keçirilib.
Paneldə çıxış edən Azərbaycan xarici işlər nazir müavini Elnur Məmmədov qeyd edib ki, Azərbaycan Ermənistanın sülh prosesinin irəliləməsi üçün konkret addımlar atmasını gözləyir.
Gürcüstan sabiq baş nazirinin müavini Eka Tkeşalaşvili eyni zamanda bildirib ki, Azərbaycanın əzəli torpaqlarının erməni işğalından azad olunması ilə regionda sülhün yaranması istiqamətində nikbin fikirlər yaranıb. Artıq qarşımızda duran fundamental çağırışları başa düşməliyik.
Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin həmçinin qeyd edib ki, Cənubi Qafqazda sülh, rifah və inkişaf üçün Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması prosesi başladı.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.