Şuşa. Trend:
Media savadlılığını artırmaq lazımdır.
Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboy deyib.
"Oxucunun etibarını qorumaq son dərəcə vacibdir. Bunun üçün gənc jurnalistlərə alternativ informasiya mənbələri axtarmağı, faktları bir neçə dəfə yoxlamağı öyrətmək lazımdır. Media savadlılığı və media maarifləndirilmə informasiyanın düzgün çatdırılması üçün əsas uğur amilləridir", - deyə A.Giboy bildirib.
Baş katib qeyd edib ki, KİV-lər insanın gündəlik həyatının ayrılmaz hissəsidir və onların rolu getdikcə artır.
"Onlar tendensiyaları formalaşdırır. Bu mənada media etikasını, yəni bitərəf qalmağı qorumaq lazımdır. Yeni başlayan jurnalistlərə başa salmaq lazımdır ki, öz sözlərinə, efirə verdiklərinə görə məsuliyyət daşımalıdırlar", - deyə A.Giboy bildirib.