Bakı. Trend:
Bakıda keçirilən X Qlobal Bakı Forumu bir çox məqamlar və aspektlər baxımından bölgə ilə yanaşı, ölkəmizdən uzaq məkanlardakı geosiyasi proseslərə təsir edəcək hadisə oldu. Eyni zamanda, Bakı Forumu Şərq və Qərbin enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlığı və maliyyə sahəsində işbirliyi müstəvilərində birgə əlaqələrin yeni perspektivlərini müəyyənləşdirdi.
Həmçinin, Azərbaycan bölgə dövlətləri və regionla qonşu ölkələrlə yanaşı, dünya birliyinə konkret, faktiki və ciddi messiclər ünvanladı.
Forumun sloqanı "Dünya bu gün: Çağırışlar və ümidlər"dir. Qlobal miqyasda bəşəriyyətin üzləşdiyi problemlər, həllini tələb edən müşküllər və çözülməsi mümkün qədər sürətlə aparılması gərəkən çağırışlar fonunda ümidlər, gözləntilər və ən əsası, fəaliyyət planı xüsusi əhəmiyyət kəsb edən amillərə çevrilib.
Bakı Forumunun diqqətçəkən məqamlarına nəzər salaq:
1. Milli müqəddərat və müstəqillik. Forumda Timor-Lestenin dövlət başçısı Joze Manuel Ramuş-Ortanın çıxışı, onun qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən bəhs etməsi dünyanın siyasi xəritəsində qismən yeni yaranmış sayılan dövlətlərin səsi oldu. Timor Lestenin və ya "Şərqi Timor" kimi tanınan məkanın ikinci prezidenti olan Ramuş-Orta adi siyasətçi, yaxud da dövlət xadimi deyil. Timorluların müstəqillik uğrunda mübarizəsini təşkilatçısı olan FRETİLİN təşkilatının banilərindən və rəhbərlərindən biri olan bu şəxs həm də Nobel Sülh Mükafatı laureatıdır.
Ramuş-Ortanın Bakı Forumuna dəvət edilməsi və ona nitq üçün imkan yaradılması Azərbaycanın xarici siyasətindəki innovativ dönüş, həm də yeni mərhələ sayıla bilər və sayılmalıdır da.
Şərqi Timorun milli-azadlıq liderlərindən biri, timorluların canlı əfsanəsi və ən başlıcası, bütün Okeaniya bölgəsi xalqları üçün nüfuzlu siyasətçi olan Joze Manuel Ramuş-Orta bu günədək beynəlxalq hüquqla qlobal siyasətdə antiteza olarq kəskin ziddiyyət təşkil edən iki prinsipin simbioz ola biləcəyinin nümunəsi hesab edilə bilər.
Həmin prinsiplər dövlətlərin ərazi bütövlüyü və sərhəd tozunulmazlığı aksiomunun millətin öz müqəddəratını həll etmək hüququ kimi siyasi teoremdir.
İki ziddiyyətli məqam birləşərək sivil yaşama, normal mövcudluğa təkan verə bilər.
Timor Leste olmuş Şərqi Timor buna misaldır.
Azərbaycan istənilən millətin öz müqəddəratını təyin etmək hüququnu tanıyır və buna sayğı ilə yanaşır. Lakin bir millət taleyini bir məkanda, bir dəfə bəlirləyə bilər. Yəni filippinlilər Argentinada, somalililər Sinqapurda, hutular Norveçdə, suriyalı ərəblər Rusiyada, ruslar isə Avstraliyada kompakt icma halında yaşasalar, sonradan "bu məkan qədim tarixi torpaqlarımızıqdır, öz müqəddəratımızı təyin edirik" deyərək separatçılığa başlaya bilməzlər.
Ermənilər müasir tarixdə müqəddəratlarını təyin ediblər və hazırda Ermənistan var. Belədirsə, onların hər hansı başqa dövlətin ərazisində "müqəddərat həlli"nə başlamaları aprior olaraq qanunsuzluq, separatizm sayılmalıdır.
Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.
Azərbaycandakı erməni azlığına gəldikdə isə onlar Ermənistanla yekun sülh sazişi imzalandıqdan sonra normal yaşaya biləcəklər. İndiki səfalət, qorxu, xof və zooloji irqçiliklə millətçilikdən qurtularaq.
2. Nizami Gəncəvi və tarixi irs. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir" söylədi.
Dahi Azərbaycan şairinin adını daşıyan Mərkəzin təşkil etdiyi Bakı Forumu bölgə üçün geosiyasi "fikir fabrik"inə çevrilməklə yanaşı, mənəvi və tarixi dəyərlərin siyasi maraqlarla müqayisədə daha az önəmli olmadığını da vurğulayır.
Nizami Gəncəvini fars şairi elan edən və ya etməyə çalışanlar tarixi gerçəkləri unudaraq yalanlarını imperativ kimi qələmə verməyə çalışırlar.
Bakı isə iradə və qətiyyətlə bəyan edir ki, mədəniyyətinə, tarixinə və irsinə tam sahib çıxdığı üçün belə manipulyasiyalara imkan verməyəcək.
Eyni zamanda, rəsmi Bakının bu mövqeyi inkişaf etməkdə olan bütün dövlətlər üçün model sayıla bilər. Həmin dövlətlərin tarixi-mədəni irsinin bilərəkdən təhrif olunduğu, mədəni irsinin incilərinin talanaraq başqa ölkələrə aparılaraq indi muzeylərdə nümayiş etdirildiyini nəzərə alsaq, Bakı Forumunda səslənən və Gəncəvi barədə deyilən sözlər qlobal miqyasda çağırışdır.
3. Energetika və enerjidaşıyıcıları. Azərbaycanla Avropa İttifaqı arasında enerjidaşyıcılarının nəqli, xüsusilə də karbohidroen təminatı bazarının diversifikasiyası, Avropanın təbii qaz və xam neft təminatı mənbələrinin sayının artırılması istiqamətində ciddi işlər görülüb.
Belə ki, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən imzalandı. Bu Memorandum hazırda icra olunur. Xatırladaq ki, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər Azərbaycan 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.
Ukraynadakı proseslər başlayandan sonra Avropa İttifaqının təbii qaz təminatında ciddi problemlər yaranmışdı. Brüsselin yardımına Bakı yetişdi və hazırda Azərbaycan ixrac qaz boru kəmərlərini genişlənirir.
TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Və təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.
Ötən ilin dekabrında isə Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar. Sənədə görə, Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Beləliklə, Avropanın enerji xəritəsində köklü dəyişikliklər yaşanacaq. Bu xəritəni çeşidli qaz və neft boru marşrutlarını istifadəyə verərək dəyişən Azərbaycan "qoca qitə"ni yaşıl enerji ilə də təmin edəcək.
Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq, ölkəmiz beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevriləcək. Bütün bunlarla yanaşı, Azərbaycan yaşıl hidrogen ixrac etməyə hazırlaşır. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Xəzər dənizində ölkəmizinkülək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb. Nəticə - 157 qiqavatlıq resursumuz var. Quruda isə daha 40 qiqavatlıq potensial mövcuddur.
Dünya enerji bazarının, istehsalla istehlakın gələcəyi olan bərpaolunan, yaşıl enerji sahəsində Azərbaycan lider mövqelərdən birini tutmaqda qərarlıdır.
4. Şərq və Qərb. İkinci Dünya Savaşından sonra düşərgələrə parçalanan dünya düzəni "soyuq müharibə" illərində daha da bölündü. "Soyuq müharibə"nin başa çatmasından sonra indi Qərblə Şərq, "Qızıl Milyard"la "Qlobal Cənub" arasında ən kəskin və amansız qarşıdurmanın şahidiyik.
Aralarında uçurum yaranmış mövqelərin, amansız rəqiblərə çevrilmiş ideologiyaların arasında körpü salaraq vəziyyəti normallaşdırmaq istiqamətində görülən işlər arasında Qoşulmama Hərəkatının fəaliyyəti ön plana çıxıb. Bu strukturun ideya təməlini təşkil edən "Bandunq prinsipləri", yəni sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı Bakı Forumundakı çıxışların, panel müzakirələrinin əsas məzmununu təşkil etdi.
5. Münxen Konfransına dəstək və rəqib. 1963-cü ilin fevralından bəri Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq Təhlükəsizlik Konfransı (Münchener Sicherheitskonferenz) xarici siyasət, qlobal geosiyasət, təhülkəsizlik və müdafiə problemləri ilə bağlı diplomatik, habelə protokol tələblərindən kənar müzakirələrin aparıldığı əsas forum sayılır.
Lakin Bakı Qlobal Forumu son dövrlərdə Münxen Konfransının həm dəstəkçisi, həm də rəqibi olub. İlk baxışdan paradoksal görünsə də, belədir: Münhxendə adətən böyük dövlətlərin və qlobal supergüclərin maraqları prizmasından digər dövlətlərin mənafelərinə olan çağırışlar müzakirə edilirsə, Bakı Forumunda diametral əks vəziyyətdir. Azərbaycan paytaxtında toplaşan indiki və sabiq dövlət, hökumət başçıları, nüfuzlu ekspertlər və analitiklər, siyasi və ictimai xadimlər geosiyasi maraqların xalqların mənafeləri ilə uzlaşmasını təmin etməyə çalışırlar.
Təhlükəsizlik məsələləri baxımından Münxen Konfransına dəstək olan Bakı Forumu inkişaf etməkdə olan dövlətlərin və hüquqlarının təminatını tələb edən xalqların səsini dünya miqyasına çatdırmaqda Almaniyadakı geosiyasi tədbirin rəqibidir.
Səbəb göz önündədir.
Bakı Qlobal Forumu xalqların və dövlətlərin üzləşdiyi çağırışlara ümiddir.
Fəaliyyət sloqanından anlaşıldığı kimi...