...

Ermənistanın BMT-də ifşası: öz mənfur məqsədinə çata bilmədi

Siyasət Materials 17 Avqust 2023 17:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasında Qarabağda vəziyyətlə bağlı təşkil olunmuş müzakirələr Azərbaycan diplomatiyasının uğurunu, Ermənistan diplomatiyasının isə fiaskoya uğradığını bir daha təsdiqlədi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasında əksər dünya dövlətləri Azərbaycanın səsləndirdiyi faktları dəstəklədilər.

“Ermənistanın aylardır yaratdığı “humanitar TIR” şousu, Azərbaycana təzyiq göstərmək planları fiaskoya uğradı. Bu, bir daha göstərdi ki, Ermənistanın siyasəti çox uğursuz siyasətdir və bu müddət ərzində onlar yalnız vaxt itiriblər, onlara təklif edilən sülh müqaviləsi, əslində, böyük bir güzəştdir və onlar bu güzəştdən faydalanmağa çalışmalıdırlar”, - deyə deputat bildirib.

Millət vəkili vurğulayıb ki, əgər Ermənistan və onun havadarlarını Qarabağda yaşayan ermənilərin vəziyyəti maraqlandırsaydı, onlara təklif edilən Ağdam-Xankəndi yolundan istifadə etməyə etiraz etməzdilər.

“BMT-də müzakirələr bir daha göstərdi ki, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi onlar üçün ən optimal variantdır və onlar bu variantdan tezliklə faydalanmağa can atmalıdırlar. Ermənistan və havadarlarının Azərbaycana qarşı planlaşdırdığı bütün təzyiq planları bundan sonra da fiaskoya uğrayacaq, çünki Azərbaycan qüdrətli ölkə olaraq öz ərazi bütövlüyünü qorumağa qadirdir. Ermənistan və havadarları bunu nə qədər tez anlasalar, onlar üçün o qədər faydalı olar”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə bildirib ki, Ermənistanın hay-küyü, spekulyasiya cəhdləri yenə səmərəsiz qaldı.

“Ermənistan növbəti dəfə BMT-də biabır oldu, öz mənfur məqsədinə çata bilmədi. Bilirsinizmi niyə? Çünki 30 il işğalçılıq siyasəti yürüdən bu dövləti artıq hamı tanıyır. BMT və ona üzv dövlətlər isə xüsusən tanıyır. Səbəb də sadədir: Ermənistan elə həmin BMT-nin 4 qətnaməsini zamanında icra etməyib, Qarabağdan öz xoşuna çıxmayıb, təcavüzkar və terror fəaliyyətinə uzun müddət davam edib. İndi, görəsən, hansı üzlə BMT-dən imdad diləyir?”, - deyə deputat bildirib.

O qeyd edib ki, yekunda Azərbaycan əleyhinə heç nə olmadı, heç bir qətnamə, sənəd-filan qəbul edilmədi və bu da, əslində, gözlənilən idi:

“Ona görə ki, Azərbaycan öz mövqeyini aydın faktlarla, əyani sübutlarla müdafiə edir. Azərbaycan öz suveren ərazisində qərarlar qəbul edir. Müzakirə olunan mövzu Ermənistanın sülhdən yayınma cəhdindən, cığallığından, həyasızlığından savayı bir şey deyil.

Təxribatçı Ermənistan bundan sonra yenə spekulyasiya cəhdləri etsə, bir daha BMT-dəki kimi biabır olacaq, yenə məğlubiyyətlə, rüsvayçılıqla üzbəüz qalacaq. Çünki Azərbaycan bir tək hərb sahəsində deyil, eyni zamanda, diplomatik meydanda da yetərincə güclüdür və öz haqqını müdafiə etmək iqtidarındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti