...

Fransanın siyasi əxlaqsızlığı SƏRHƏD TANIMIR

Siyasət Materials 19 Sentyabr 2023 17:53 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Geridə qalan 3 il (44 günlük müharibədən bəri) Ermənistana və Qarabağdakı separatçılara daha çox hamilik etməsi ilə yadda qalan Fransa höküməti yenidən ələ-ayağa düşüb. Belə ki, rəsmi Paris üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamasından narahatlığını gizlədə bilməyib.

Belə ki, Fransa XİN bəyanat yayıb ki, rəsmi Paris Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir. Bununla da Fransa höküməti növbəti dəfə Azərbaycanın ərazisində mövcud olan qondarma rejim qalıqlarının terror əməllərinə legitimlik qazandırmaq istədiyini gizlədə bilməyib.

Bu da növbəti dəfə Fransanın Qarabağda məskunlaşan erməni separatçılardan istifadə edərək, bölgədə gərginliyi artırmağa çalışmaq niyyətindən xəbər verir.

Çünki sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar. Bütün bu teraktları Qarabağda Rusiya sülhməramlı kontiungentinin müvəqqəti nəzarət zonasındakı Ermənistan silahlı qüvvələrinin qeyri qanuni silahlı birləşmələri törətsələr də Fransa terrorçulara qarşı keçirilən lokal anti-terror tədbirlərinə görə özünə belə əl qatması rəsmi Parisin siyasi xəttinin nədən ibarət olduğunu bir daha ortaya qoyur.

Azərbaycan Prezidenti dəfələrlə müxtəlif platformalardan açıq şəkildə bəyan edib ki, ərazi bütövlüyümüzü təhdid edən heç bir təxribatçı hərəkət cavabsız qalmayacaq

Avqustun 16-da Ermənistanın və Qarabağdakı separatçıların BMT-nin Təhlülkəsizlik Şurasından aldıqları rüsvayçı zərbədən sonra Laçın yolu ətrafındakı “humanitar böhran” şousu da fiaskoya uğrayınca Fransanın Azərbaycana təzyiq üçün manevr imkanları məhdudlaşdığından, rəsmi Paris "rıçaq" olaraq Azərbaycanın heç bir beynəlxalq hüquq normasına zidd olmayan haqlı anti-terror əməliyyatını hədəf alaraq, Bakıya qarşı təzyiqlər üçün beynəlxalq dəstək axtarışındadır. Ermənidən çox separatçılığı dəstəkləyən Fransanın bu niyyətinin də puç olacağı istisna edilmir.

Paris bir məsələni dəqiq bilməlidir ki, Azərbaycanı heç bir təzyiq, heç bir qüvvənin bəyanatı yolundan döndərmək üçün yetərli ola bilməz. Çünki Azərbaycan legitim ərazisində ikinci bir erməni "dövlətinin" yaradılmasına şərait yaratmaq fikrində deyil və ərazi bütövlüyünə, sabitliyinə qarşı olan istənilən təhlükəni aradan qaldırmaq iqtidarındadır.

Bu addım Fransa Prezidenti Emmanuel Makron hakimiyyətinin yenidən özünü rüsvay etməsindən başqa bir şey deyil. Çünki dünya tarixində müstəmləkəçilik siyasəti, azsaylı millətlərə və xalqlara qarşı törətdikləri soyqırımı, əxlaqsız davranışları ilə ad çıxaran bir ölkənin başçısı Azərbaycanın ərazisi olan Qarabağda anti-terror əməliyyatlarını pisləyib, Bakıya qarşı tədbirlər görülməsi üçün yerində vurnuxması əxlaqsızlığın növbəti formasıdır.

Xəbər lenti

Xəbər lenti