Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiya Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri sentyabrın 28-də Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Əvvəlcə "Seçilmiş nümayəndələrə qarşı nifrət nitqi və zorakılıq təhdidləri" mövzusunda konfrans öncəsi müzakirələr keçirilib.
Sonra Parlament Sədrlərinin Avropa Konfransının açılış mərasimi olub. Mərasimdə İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail, Parlament Senatının sədri Cerri Buttimer, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koks, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və digərləri çıxış ediblər.
Qeyd edək ki, konfrans müxtəlif mövzularda çıxışlar və müzakirələrlə öz işini davam etdirir. Milli Məclisin sədri Sahibə Qafarovanın konfransda çıxışı nəzərdə tutulub.