...

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib (YENİLƏNİB) (VİDEO)

Siyasət Materials 23 Noyabr 2023 16:45 (UTC +04:00)
Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib (YENİLƏNİB) (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

Trend xəbər verir ki, Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırdı.

Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.

Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd etdi.

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verdi, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırdı.

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edildi.

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti