...

Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi onların strateji xarakterinin göstəricisidir - İqor Korotçenko

Siyasət Materials 23 Aprel 2024 21:00 (UTC +04:00)
Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi onların strateji xarakterinin göstəricisidir - İqor Korotçenko
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Rusiya münasibətlərinin hazırkın səviyyəsi onların strateji xarakterinin göstəricisidir.

Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

"Hazırda Rusiya-Azərbaycan münasibətləri müstəsna olaraq uğurla inkişaf edir. Bu, siyasət, iqtisadiyyat və regionlararası əməkdaşlığa aiddir. Bütünlükdə iki ölkənin münasibətlərinin əsas təməlini, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən 2022-ci ildə imzalanmış müttəfiqlik münasibətləri haqqında bəyannamə təşkil edir.

Bu, hazırda Rusiya-Azərbaycan münasibətlərinin təməlində duran əsas sənəddir. Münasibətlərin hazırkı səviyyəsi bunun, həqiqətən, strateji, müttəfiq və tərəfdaş münasibətləri olduğunu deməyə imkan verir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Moskva və Bakı arasında ticari-iqtisadi əməkdaşlıq aktiv şəkildə inkişaf edir.

"Bu planda qarşıda bir o qədər möhtəşəm perspektivlər, o cümlədən, Rusiyanın şirkət və təşkilatlarının Qarabağın bərpasında mümkün iştirakını görürük. Fikrimcə, Rusiyanın biznes nümayəndələrindən bu möhtəşəm proqramda iştirak etmək istəyən çoxdur. Şübhəsiz ki, bu, hamının yalnız xeyrinə olacaq", - deyə Korotçenko vurğulayıb.

O, publik və ictimai diplomatiya, ekspert əlaqələri sahəsində münasibətlərin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.

"Bu planda, əlbəttə, bir daha vurğulamaq lazımdır ki, bu gün beynəlxalq səviyyədə nüfuzlu oyunçu olan Azərbaycanın Rusiyanın gözündə dəyəri, şübhəsiz, daimi olaraq qalır. Əlbəttə ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putinin zamanla və belə desək, dünyadakı çox mürəkkəb müasir vəziyyətdə sınanmış şəxsi münasibətləri bizdə qarşılıqlı hörmət hissinin olduğunu və münasibətlərimizin inkişafının hər iki xalqın xeyrinə olacağını deməyə əsas verir", - o deyib.

Cənubi Qafqazda hazırkı vəziyyətdən danışan Korotçenko bu gün regionda yeni reallıqların formalaşdığını qeyd edib.

"Bunlar ötən ilin sonunda Azərbaycanın antiterror əməliyyatları zamanı öz ərazi bütövlüyünü və suverenliyini bütünlüklə bərpa etməsindən ibarətdir. Qarabağdakı separatçı rejim isə özünü buraxdı. Nəticədə, Qarabağda yaşayan erməni əhali Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək əvəzinə, könüllü olaraq Ermənistana getməyə qərar verdi.

Bu, onların şəxsi, azad və könüllü seçimi idi. Bununla əlaqədar olaraq, baş verən dəyişiklikləri qeydə alaraq, bu gün Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılması həyata keçirilir. Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, üzərlərinə qoyulmuş bütün funksiyaları dürüstcəsinə və ləyaqətlə yerinə yetirdi. Bu gün onlar Rusiyaya gedirlər. Azərbaycan isə Qarabağda təhlükəsizlik və hərbi təhlükəsizlik məsələləri ilə bütünlüklə özü məşğul olacaq", - deyə o əlavə edib.

Korotçenko bu gün Qərb aktorlarının, ilk növbədə Ermənistanda möhkəmlənməyə çalışan ABŞ, Fransa və bütünlükdə Avropa İttifaqının (Aİ) aktiv təsirinin müşahidə olunduğunu vurğulayıb.

"Bunlar həm də aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə keçirilən danışıqlardır. Lakin Ermənistanı Cənubi Qafqazda NATO-nun maraqlarından çıxış edəcək "Troya atı"na çevirmək cəhdləri artıq yeni reallıqdır.

Regiondan kənar aktorların məqsəd və vəzifələri regionda vəziyyətin destabilizasiyası, eləcə də, Azərbaycan və Ermənistan arasında ədalətli şərtlərdə sülh sazişi imzalamağa imkan verməmək cəhdləridir. Qərbin praktik siyasəti belədir", - o deyib.

Ekspertin fikrincə, xüsusən Fransa tamamilə məsuliyyətsizcəsinə Ermənistanı yeni hərbi təxribatlara təhrik etməklə destruktiv fəaliyyət göstərir.

"Bundan başqa, fransalılar və amerikalılar artıq Ermənistan ordusu üçün öz silahlarını tədarük etməyə başlayıb. Bu, həmçinin, regionun mühitinə və gələcəyinə olduqca mənfi təsir göstərəcək. Bu planda, əlbəttə, düşünürəm ki, İrəvan və Bakı arasında vaxtilə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş sülh prinsiplərinə dair beş şərtdə sülh sazişinin ən qısa zamanda imzalanmasına imkan yaratmaq məqsədilə Azərbaycan və Ermənistan arasında obyektiv və dürüst vasitəçi olaraq çıxış etmək Moskva üçün son dərəcə vacibdir", - Korotçenko deyib.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin Rusiya üçün əhəmiyyətini qeyd edən Korotçenko Qərbin genişmiqyaslı sanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı üçün bu nəqliyyat dəhlizinin işləməsinin və dayanıqlı fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Bununla yanaşı, Rusiya Ermənistanın Zəngəzur nəqliyyat dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməsinin tərəfdarıdır, hərçənd hazırda İrəvanın ABŞ və Fransanın dəstəyilə bu layihəni həyata keçirməkdən qəti şəkildə imtina etdiyini görürük, hərçənd bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə nəzərdə tutulub", - o deyib.

İqor Korotçenko qeyd edib ki, Rusiya və Azərbaycan məsuliyyət daşıyan ölkələr olaraq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri ilə əlaqədar mənfi tendensiyalarla mübarizə aparmağın lazım olduğunu çox gözəl bilirlər.

"Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını vurğulayıb. Əlbəttə ki, fikrimcə, bu baxımdan, Cənubi Qafqazda maraqları olan ən azı dörd ölkənin sıx koordinasiyası zəruridir.

Bunlar NATO-nun tamhüquqlu hərbi bazalarının Ermənistan ərazisində yerləşdirilməsinə mane olmaq və qarşısını almaq məqsədilə Rusiya, Azərbaycan, Türkiyə, İrandır. Əfsuslar olsun ki, bu gün hər şey bu istiqamətdə gedir. Nəzərinizə çatdırmaq istərdim ki, məsələn, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dondurmaqla yanaşı, həm də Rusiya və Ermənistan arasında müttəfiqlik əlaqələrinin mahiyyətini də şübhə altına alır. Rusiya sərhədçiləri artıq Zvartnotsdan çıxarılıb. Görünür, qarşıda Ermənistan ərazisində Rusiyanın hərbi iştirakının məhdudlaşdırılması üçün də analoji tədbirlər görüləcək", - o deyib.

Korotçenkonun fikrincə, bununla əlaqədar olaraq, bütün region ölkələri mövcud bütün imkanlardan istifadə edərək, Ermənistana izah etməlidir ki, Qərbin maraqları üçün vasitəçi olmağa dəyməz, çünki bu, regionda yalnız xaosa səbəb olacaq və Ermənistanın özünün təhlükəsizliyinə və iqtisadi rifahına olduqca zərərli təsir göstərəcək.

"Bütünlükdə, təbii ki, biz Rusiyada Kremldəki danışıqları diqqətlə izlədik. Bir daha ölkəmizin böyük dostu, etibarlı tərəfdaşı olan Prezident İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq. Yeri gəlmişkən, dünən keçirilən tədbirlərdən biri də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə yaddaqalan görüşün keçirilməsi oldu. Məlum olduğu kimi, hazırki Azərbaycan Prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmaqla Sovet İttifaqının bu ən mühüm infrastruktur magistral layihəsinin uğurla həyata keçirilməsində əsas rol oynayıb", - deyə o əlavə edib.

İqor Korotçenko, həmçinin, qeyd edib ki, bu, müasir dövrün görkəmli siyasətçisi, Rusiyada rəğbətlə anılan, sevilən, hörmət edilən və Rusiya dəmiryol nəqliyyatı işçiləri arasında, eləcə də, dövlət təhlükəsizlik orqanlarının rus əməkdaşları arasında hələ də böyük nüfuza malik olan Heydər Əliyevə bir daha ehtiramını bildirmək üçün bir fürsət oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti