...

Ermənistan nə istəyir: dalan dövlət statusu, yoxsa iqtisadi inkişaf?

Siyasət Materials 9 Sentyabr 2024 13:13 (UTC +04:00)
Ermənistan nə istəyir: dalan dövlət statusu, yoxsa iqtisadi inkişaf?

Bakı. Trend:

Son günlər İran Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyanın mövqeyinə etiraz edir və İran rəsmiləri bu dəhlizin açılmasının milli maraqlara zidd olduğunu əsaslandırmağa çalışırlar. Bu yerdə haqlı sual yaranır ki, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən və Ermənistanın cənubundan keçən bir dəhliz hansı səbəbdən İranın milli maraqlarını təhdid edir? İran hesab edir ki, Zəngəzur dəhlizinin açılması, onun Ermənistan üzərindən Avrasiya ilə ticarət yollarına çıxışına mənfi təsir göstərə bilər. İran hazırda Azərbaycan və Ermənistan vasitəsilə Avropaya çıxan nəqliyyat yollarında mühüm tranzit ölkə rolunu oynayır. Yeni dəhliz İranın həmin tranzit mövqeyini zəiflədə, yük daşımaları İranın ərazisindən keçmədən daşına bilər. Digər tərəfdən İran Zəngəzur dəhlizinin şimal sərhədlərində geosiyasi dəyişikliklər yaradacağından narahatdır. İran hesab edir ki, Zəngəzur dəhlizi regionda güc balansının da dəyişməsi ilə nəticələnə bilər ki, bu da İranın təhlükəsizlik maraqlarına ziddir.

Təbii ki, başqa səbəblər də var və əsas səbəblərdən biri Zəngəzur dəhlizinin açılmasından sonra Türkiyə və Azərbaycanın birbaşa quru əlaqəsinə malik olması ilə bağlıdır. İran bu dəhlizin açılmasının regionda Türkiyənin və Azərbaycanın geosiyasi gücünü artıracağını düşünür və Cənubi Qafqazdakı təsirinin zəifləməsini istəmir. İran qorxur ki, Zəngəzir dəhlizi açılacağı təqdirdə Ermənistan Azərbaycan və Türkiyə ilə birbaşa əlaqələr quracaq. Bu isə Ermənistanın İrandan iqtisadi asılılığını azaldacaq. Ona görə də İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və regiondakı mövcud status-kvonun saxlanılmasında maraqlıdır.

Lakin bu cür düşünən yalnız İrandır. Dəhlizin fəaliyyətə başlamasında marağı olan dövlətlər, həmçinin Rusiya hesab edir ki, bu ilk növbədə onun üzərində yerləşən dövlətlərə əlavə iqtisadi dvidentlər qazandıracaq. Ondan hamı, elə İranın özü də faydalanacaq. Moskva bu layihəyə həm də ona görə müsbət yanaşır ki, bu dəhliz onun regional təsirini artıra bilər. Çünki Rusiya bu marşrutun təhlükəsizliyinə nəzarət etməyi və proseslərdə fəal rol oynamağı hədəfləyir. O, həmçinin Ermənistanla münasibətləri qoruyub saxlamağa, eyni zamanda Azərbaycan və Türkiyə ilə balanslı əlaqələri gücləndirməyə çalışır. Rusiya həmçinin bölgədə nəqliyyat dəhlizlərinin açılmasını özünə Avrasiya İqtisadi Birliyi çərçivəsində strateji üstünlük kimi görür və bu, onu regionda daha fəal oyunçuya çevirə bilər. Bu dəhliz, həmçinin Rusiyanın Orta Asiya ilə daha yaxşı nəqliyyat bağlantısı yaratması üçün yeni imkanlar yaradır.

Hazırda əsas suallardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşıdakı dövrdə İranın, yoxsa Rusiyanın mövqeyinin qalib gələcəyi ilə bağlıdır. Bu məsələdə qalib tərəfi müəyyən etmək üçün bir neçə amili nəzərdən keçirmək lazımdır.

Birincisi, geopolitik vəziyyətdir. Rusiya regionda daha güclü hərbi və siyasi mövqelərə sahibdir, bu da onun Zəngəzur dəhlizi üzərində nəzarət və rol alma ehtimalını artırır. Ancaq İran da öz iqtisadi və geosiyasi maraqlarını qorumaq üçün güclü addımlar ata bilər və regiondakı mövqeyini zəiflətməyə razı olmaz.

İkinci amil beynəlxalq münasibətlərdir. Artıq regiondakı beynəlxalq oyunçuların, xüsusən də Türkiyə və Azərbaycanın, Zəngəzur dəhlizinin açılmasında maraqlı olması bu məsələdə Rusiyanın mövqeyini daha da gücləndirir. Qərb və digər beynəlxalq qüvvələr də Asiya ilə iqtisadi əlaqələri gücləndirmək üçün bu dəhlizin açılmasına dəstək verə bilər.

Üçüncüsü, Ermənistanın mövqeyidir ki, biz bunu həlledici mövqe də adlandıra bilərik. Ermənistan nəhayət ki, öz iqtisadi müstəqilliyini təmin etmək, regionda gedən iqtisadi proseslərdən yararlanmaq istəyirsə mütləq bu dəhlizin açılmasına razılıq verməlidir. Əks təqdirdə Ermənistan dalan dövlət statusunu qoruyub saxlayacaq və bu, onun gələcək inkişafına heç bir töhfə verməyəcək.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti