Bakı. Trend:
26 iyun tarixində Milli Ordumuzun yaradılmasının 107 ili tamam olur. 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü, xalq və ordu birliyinin rəmzidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycanda ordu quruculuğu sahəsində mühüm nailiyyət Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsinə əldə olunub:
“Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu sahəsində xaosa, pərakəndəliyə, qanunsuz idarəçiliyə son qoyuldu. Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Ümummilli lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.
Ulu Öndər ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. Qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə nail olundu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi onlara böyük ruh yüksəkliyi verdi”, - deyə A.Həsənova vurğulayıb.
Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.
“Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev hərbçilərin peşəkarlığının artırılmasına, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə, ordumuzun ən müasir silah və texnika ilə təchizatı və şəxsi heyətin müasir silahlardan peşəkarlıqla istifadə vərdişlərinin formalaşdırılmasına böyük diqqət ayırdı. Görülən bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”, - deyə A.Həsənova qeyd edib.
Deputat vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu xalq, dövlət qarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərdi, xalqımıza, dövlətimizə qarşı erməni vandallarının həyata keçirdiyi 200 illik işğalçılıq, soyqırım siyasətinə son qoydu.
2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlük lokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusu növbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Uzun on illiklər Azərbaycan ərazisində kök salmış erməni separatizminə son qoyuldu. Bununla da bütün torpaqlarınmızda və sərhədlərimizdə şanlı üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalq və ordu birliyinin rəmzidir. Bu gün biz yalnız hərbi uğurları qeyd etmirik, eyni zamanda Azərbaycanın dövlətçiliyini, suverenliyini və gələcəyini qoruyan güclü, müasir və mütəşəkkil ordusunun varlığına hörmətimizi bildiririk”, - deyə deputat əlavə edib.