...

Azərbaycan dünya mədəni irsinin qorunub-saxlanılmasında misilsiz işlər görüb - Jan-Mişel Brün (FOTO/VİDEO)

Siyasət Materials 14 İyul 2025 17:41 (UTC +04:00)
Azərbaycan dünya mədəni irsinin qorunub-saxlanılmasında misilsiz işlər görüb - Jan-Mişel Brün (FOTO/VİDEO)
Sahil Kərimli
Sahil Kərimli
Bütün xəbərlər

Paris. Trend:

Azərbaycan dünya mədəni irsinin qorunub-saxlanılmasında misilsiz işlər görüb.

Trend xəbər verir ki, bunu “La Gazette du Caucase”nin baş redaktoru Jan-Mişel Brün UNESCO Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinin 25-ci il dönümünə həsr olunmuş tədbirdə etdiyi çıxışda söyləyib.

Brün Azərbaycanı mədəni irsin qorunması sahəsində mühüm rol oynayan ölkə kimi dəyərləndirib və bildirib ki, Azərbaycan həm ölkə daxilində, həm də xaricdə abidələrin qorunması üzrə layihələri davamlı və aktiv şəkildə dəstəkləyir.

Azərbaycanın ən nəzərəçarpan təşəbbüsləri sırasında o, İtaliya və Fransada tarixi obyektlərin bərpasını qeyd edib.

Jan-Mişel Brün Heydər Əliyev Fonduna və onun Prezidenti Mehriban Əliyevaya xüsusi təşəkkürünü bildirib, Fondun xüsusilə Vatikan ərazisindəki xristian mədəni irsinin bərpasına verdiyi mühüm töhfəni qeyd edib.

“Azərbaycan – müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkə olaraq xristian dini irsinin qorunmasına ən böyük töhfə verən dövlətdir”, – deyə o əlavə edib.

Brün, həmçinin, Ermənistan tərəfindən Qarabağın işğalı zamanı mədəni abidələrə vurulan ziyanı xatırladıb və Azərbaycanın azad edilmiş ərazilərin bərpası istiqamətindəki göstərdiyi səyləri yüksək qiymətləndirib.

“Şuşa, Ağdam şəhərlərinin mədəni dəyərləri, eləcə də, xristian dini obyektləri dağıdılıb və talan olunub – mən bu fəsadların şəxsən şahidi olmuşam. Bu gün Azərbaycan məscidlərin və monastırların bərpası, oğurlanmış xalçaların geri qaytarılması, zədələnmiş saray və abidələrin yenidən qurulması üçün misilsiz səylər göstərir”, – deyə Jan-Mişel Brün vurğulayıb.

O, həmçinin, Azərbaycanın multikulturalizm və dinlərarası dialoq sahəsindəki dövlət siyasətinin unikal xarakterini qeyd edərək, ölkənin müxtəlif ölkələrdə mədəni irsin bərpası üzrə beynəlxalq layihələrdə, habelə mədəni dəyərlərin qorunmasına dair tədris proqramlarında iştirakını xüsusi vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti