...

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək - Səfir Elman Abdullayev (FOTO)

Siyasət Materials 14 İyul 2025 19:05 (UTC +04:00)
Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək - Səfir Elman Abdullayev (FOTO)
Sahil Kərimli
Sahil Kərimli
Bütün xəbərlər

Paris. Trend:

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi gələcəkdə də davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Parisdə keçirilən 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə açılış nitqində deyib.

Səfir E.Abdullayev bildirib ki, "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi ərazisi kimi xüsusi əhəmiyyət daşıyır.

Səfir 2000-ci ilin dekabr ayında baş tutmuş bu tarixi və qürurverici hadisənin Azərbaycanın Ümumdünya İrs Komitəsi ilə fəal əməkdaşlığının başlanğıcı olduğunu vurğulayıb.

“Bu tarixi hadisənin 25 illiyini qeyd edərək, keçmişə hörmətimizi ifadə edir, eyni zamanda, gələcək nəsillər üçün mədəni irsimizin qorunmasına və tanıdılmasına sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə bildirib.

Səfir E.Abdullayev vurğulayıb ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bu unikal irs ərazisinin qorunması, yenidən qurulması və müasirləşdirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.

Çıxışı zamanı səfir E.Abdullayev UNESCO-nun Ümumdünya İrs Mərkəzi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, Azərbaycanın sözügedən Mərkəzə dəstəyini qeyd edib və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti