Bakı. Trend:
Biz dezinformasiyanın getdikcə daha geniş vüsət aldığı bir dövrdə yaşayırıq.
Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bu gün Bakıda keçirilən “Qoşulmama Hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə deyib.
“Bunu asanlıqla müşahidə etmək olar. Məsələn, xəbərləri gənc nəslin nümayəndələri ilə və ya əksinə, ailənin yaşlı üzvləri – nənə-babalar, bəzən isə valideynlərlə müzakirə edərkən. Onlar tez-tez sosial şəbəkələrdə gördükləri, süzgəcdən keçirilməmiş və faktları yoxlanılmamış materialları paylaşırlar. Sensasion xarakterli bu məlumatlar isə əslində dezinformasiya, saxta xəbərlər və ya süni şəkildə yaradılmış informasiya atmalarına çevrilir”, – deyə o bildirib.
E. İskəndərov vurğulayıb ki, bu prosesdə texnologiyalar çox böyük rol oynayır və süni intellekt elmi-texnoloji nailiyyətlərin reallığın təhrif edilməsi üçün necə istifadə oluna biləcəyini göstərən ən bariz nümunələrdən biridir.
“Bu isə o deməkdir ki, elmin və texnologiyaların əks rolda çıxış etməsinə – dezinformasiyaya qarşı mübarizə alətlərinə çevrilməsinə, tənqidi düşüncənin inkişafına və bu yanaşmaların diplomatik proseslərə inteqrasiyasına yönəlmiş davamlı və sistemli səylərə ehtiyac var”, – deyə o qeyd edib.
E. İskəndərovun sözlərinə görə, eyni zamanda bu, son dərəcə həssas mövzudur, çünki burada senzura, informasiya azadlığı və ifadə azadlığı məsələləri ön plana çıxır. Bu prinsiplər arasında balansın tapılması ciddi çağırış olaraq qalır
