Bakı. Trend:
Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursların həcmi ilə deyil, bu resursların hansı texnoloji arxitektura üzərində idarə olunması ilə ölçülür.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O qeyd edib ki, qlobal iqtisadiyyat sürətlə rəqəmsal müstəviyə keçid edir və bu keçiddə süni intellekt, böyük verilənlər bazaları və data mərkəzləri yeni inkişaf xəritəsini formalaşdıran əsas sütunlara çevrilir: “ Bu reallıq fonunda Azərbaycanın strateji seçimləri təsadüfi deyil, düşünülmüş və uzunmüddətli dövlət baxışına söykənir. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə nümayiş etdirdiyi yanaşma onu göstərir ki, rəqəmsallaşma ölkə üçün texniki yenilənmə deyil, gələcək inkişaf modelinin əsas dayağı kimi qəbul edilir. Süni intellektin tətbiqi və data mərkəzlərinin qurulması artıq yalnız innovasiya məsələsi deyil, milli rəqabət qabiliyyətinin açar faktorudur. Bu yanaşma Azərbaycanın gələcək iqtisadi trayektoriyasını əvvəlcədən müəyyənləşdirən strateji qərar kimi dəyərləndirilməlidir”.
Millət vəkili Prezident İlham Əliyevin Azərbaycanın bu sahədə əsas üstünlüklərindən birinin qlobal maliyyə ekosisteminə dərin inteqrasiyasından ibarət olması barədə səsləndirdiyi fikirlərin önəmini xüsusi vurğulayıb:
“Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarla qurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyə yalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsi qazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir bu təsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığının beynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir. Bu etimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalar üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşma sahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələr artıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm də texnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanın qlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqli sürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsal transformasiyanın institusional və normativ tərəflərinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu isə Azərbaycanın texnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığını göstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr, aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsində müəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, daha geniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialına malikdir”.
