Bakı.Trend:
Martın 12-də Bakıda, Gülüstan Sarayında öz işinə başlayan XIII
Qlobal Bakı Forumu qlobal siyasi dialoq üçün mühüm platforma kimi
növbəti dəfə beynəlxalq diqqəti Azərbaycan paytaxtına yönəltdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
və Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum bu il
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusu ətrafında müzakirələrə həsr olunub.
“Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər müasir
beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlərə və
regional sülh təşəbbüslərinə dair mühüm mesajlar ehtiva
edirdi.”
Millət vəkili dünyada artan geosiyasi gərginlik fonunda
münaqişələrin həllinə yanaşmada ikili standartların mövcudluğunu
vurğulayıb və əlavə edib ki, bu problem bu gün beynəlxalq
gündəliyin ən çox müzakirə olunan məsələlərindən biridir: “Təsadüfi
deyil ki, Prezident İlham Əliyev öz çıxışında diqqəti, ilk növbədə,
məhz bu problemə yönəldərək qeyd etdi ki, bir çox hallarda qlobal
institutlar və beynəlxalq aktorlar münaqişələrə münasibətdə seçici
davranış sərgiləyirlər. Bu isə bəzi regionlarda uzunmüddətli
ədalətsizliklərin və humanitar fəsadların yaranmasına səbəb olur.
Azərbaycanın timsalında da belə bir vəziyyət uzun illər davam edib.
Ölkənin ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında qalması
və bu müddətdə milyonlarla insanın doğma yurdlarından didərgin
düşməsi beynəlxalq ictimaiyyətin passiv yanaşmasının nəticələrindən
biri kimi qiymətləndirilə bilər. Lakin bu mərhələ Azərbaycan üçün
artıq bir keçmişdir. Bu gün ölkəmiz artıq regionda yeni
reallıqların formalaşmasına töhfə verən əsas aktorlardan biridir.
Xüsusilə Ermənistan ilə münasibətlərdə son dövrdə müşahidə olunan
nisbi sabitlik regionda sülh gündəliyinin real nəticələr verdiyini
göstərir. Bir müddət əvvəl əldə olunan razılaşmalar yalnız
diplomatik sənəd kimi deyil, həm də praktiki müstəvidə özünü
göstərməyə başlayıb. Sərhəd bölgələrində gərginliyin azalması,
qarşılıqlı itkilərin və silahlı insidentlərin dayandırılması Cənubi
Qafqazda yeni mərhələnin başlanğıcından xəbər verir. Azərbaycanın
sülhə sadiqliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret
addımlarla təsdiqlənir. Humanitar və iqtisadi əlaqələrin bərpası
istiqamətində atılan addımlar regionda etimad mühitinin
formalaşmasına xidmət edir. Ermənistanın müxtəlif istiqamətlərdən
təminat imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin
bərpası və enerji məhsullarının ixracı kimi təşəbbüslər
Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir. Bu yanaşma
regionun gələcək inkişafının qarşılıqlı əməkdaşlıq üzərində
qurulmalı olduğunu göstərən mühüm mesajdır. Ümumiyyətlə isə, XIII
Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki,
Azərbaycan dəyişən dünya nizamında dialoq və əməkdaşlıq
təşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edir. Qlobal səviyyədə
fikir ayrılıqlarının artdığı bir dövrdə Bakının beynəlxalq müzakirə
platformasına çevrilməsi ölkənin diplomatik nüfuzunun artdığını
nümayiş etdirir” .
