...

Azərbaycanın TDT-yə sədrliyi yüksək səviyyədə keçir - Kubanıçbek Ömüralıyev (ÖZƏL MÜSAHİBƏ)

Siyasət Materials 3 Aprel 2026 16:16 (UTC +04:00)
Azərbaycanın TDT-yə sədrliyi yüksək səviyyədə keçir - Kubanıçbek Ömüralıyev (ÖZƏL MÜSAHİBƏ)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi yüksək səviyyədə keçir.

Bu barədə Trend-ə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin ikinci iclasının yekunlarına dair özəl müsahibəsində bildirib.

“Üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin iclası bizim üçün faktiki olaraq yeni bir mexanizmdir. Belə ilk görüş ötən il Bişkekdə baş tutub”, – deyə o qeyd edib.

K. Ömüralıyev vurğulayıb ki, son illərdə TDT ölkələri arasında əməkdaşlıq davamlı şəkildə möhkəmlənir. Hazırda təşkilat mədəniyyət, gənclər siyasəti və turizmdən tutmuş xarici siyasət, iqtisadiyyat, gömrük və hətta kosmik sahəyə qədər geniş spektri əhatə edən 58 qarşılıqlı fəaliyyət mexanizmi vasitəsilə fəaliyyət göstərir.

“Bu mexanizmlər əməkdaşlığımızı əhəmiyyətli dərəcədə irəli aparsa da, hökumət başçılarının fəal iştirakı onların ümumi effektivliyini daha da artırır. Bu kontekstdə biz ötən il belə bir format tətbiq etdik. O, təkcə ölkələrimiz arasında koordinasiya və qarşılıqlı fəaliyyəti gücləndirmir, həm də dövlət başçıları tərəfindən qəbul edilmiş qərarların daha səmərəli icrasına töhfə verir və onların yerinə yetirilməsinə daha ciddi nəzarəti təmin edir”, – deyə o əlavə edib.

Baş katib bildirib ki, bu format TDT-yə qərarların icrasını izləməyə imkan verir, təşəbbüslərin bütün üzv ölkələrdə effektiv tətbiqini təmin edir, həmçinin ən yüksək səviyyədə koordinasiya və hesabatlılığı gücləndirir.

“Bir mərhələdə Qazaxıstan xidmətlər və investisiyalar üzrə ticarətin liberallaşdırılması təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə işlər fəal şəkildə davam edir. Təşkilatımızda bütün qərarlar konsensus əsasında qəbul olunur. Müxtəlif iqtisadi platformaların mövcudluğu – məsələn, Qazaxıstan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü – maraqların diqqətli şəkildə əlaqələndirilməsini tələb edir. Bu baxımdan təşəbbüsün konstruktiv və inklüziv şəkildə təşviqi vacibdir. Onun həyata keçirilməsi türk regionunda ticarət həcmlərinin artmasına, investisiyaların, malların və xidmətlərin daha sərbəst hərəkətinə mühüm töhfə verəcək”, – K. Ömüralıyev bildirib.

O vurğulayıb ki, bəzi ölkələrin digər regional təşkilatlar qarşısında öhdəlikləri olsa belə, TDT çərçivəsində iqtisadi inteqrasiya prioritet olaraq qalır.

“Üç il əvvəl yaradılmış Türk İnvestisiya Fondu təşkilati və texniki məsələlərin tamamlanmasında sabit irəliləyiş əldə edib və artıq potensial layihələri nəzərdən keçirməyə başlayıb. Maliyyələşdirməyə yaxın vaxtlarda başlanılacaq. Fondun əsas məqsədi kiçik və orta biznesin dəstəklənməsidir. Bundan əlavə, iqtisadi inkişaf nəqliyyat və logistika infrastrukturunun inkişafı olmadan mümkün deyil, buna görə fond bu sahələrə xüsusi diqqət yetirir”, – deyə o əlavə edib.

K. Ömüralıyev qeyd edib ki, kiçik və orta biznesin və infrastruktur layihələrinin dəstəklənməsi regionda dayanıqlı artım və uzunmüddətli iqtisadi sabitlik üçün kritik əhəmiyyət daşıyır.

“Azərbaycan təşkilatımızın təsisçilərindən biridir və onun yaranmasının əsasını qoyan ölkələrdəndir. Üstəlik, təşkilatın özü Naxçıvanda yaradılıb. Azərbaycanın TDT-də sədrliyi yüksək səviyyədə həyata keçirilir. Ötən ilin oktyabrında Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda TDT Dövlət başçıları Şurasının 12-ci Zirvə görüşü uğurla keçirilib. Müasir şəraitdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bütün üzv və müşahidəçi dövlətlər koordinasiya və dialoqun daha da gücləndirilməsi üçün fəal şəkildə əməkdaşlıq edirlər”, – deyə o bildirib.

Baş katib vurğulayıb ki, Azərbaycan TDT təşəbbüslərinin irəli aparılmasında, xüsusilə regional təhlükəsizliyin möhkəmləndirilməsi və üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsində mühüm rol oynayır.

“TDT-yə üzv ölkələrin qeyri-rəsmi zirvə toplantısı mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək. Türkiyə yaxın vaxtlarda Dövlət başçıları Şurasının 13-cü Zirvə görüşünün keçirilmə yeri və tarixini müəyyən edəcək. Həmçinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində TDT xətti üzrə tədbir planlaşdırılıb. “UN-Habitat” ilə qarşılıqlı anlaşma memorandumu olduğuna görə Forumda fəal iştirak edəcəyik”, – deyə K. Ömüralıyev bildirib.

O əlavə edib ki, təşkilat “UN-Habitat” layihələrində iştirak edir və bu, onun şəhər inkişafı təşəbbüslərinə sadiqliyini əks etdirir.

“Biz ümumi tarix, mədəniyyət, irs, dil və dərin köklərə malik dəyərlər əsasında qurulmuş unikal təşkilatıq. Bu möhkəm təməl bizə yüksək səviyyədə qarşılıqlı anlaşma və həmrəylik təmin etməyə imkan verir. Hər bir ölkənin öz milli prioritetləri olsa da, biz xarici siyasət və digər sahələrdə sıx koordinasiya və konstruktiv dialoqu davam etdiririk. Əməkdaşlıq ruhunda tərəfdaşlığımız birlik, etimad və qardaşlıqla səciyyələnir”, – deyə K. Ömüralıyev vurğulayıb.

Sonda o qeyd edib ki, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri TDT üçün əsas prioritet olaraq qalır.

“İqtisadiyyat inkişaf və rifahımızın əsas amili olaraq qalır. Eyni zamanda təhlükəsizlik məsələləri ümumi gündəliyimizdə mühüm yer tutur. “Birlikdə daha güclüyük” şüarını rəhbər tutaraq, biz birlik və həmrəylik ruhunda əməkdaşlığın inkişafına sadiq qalırıq”, – deyə Kubanıçbek Ömüralıyev yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti