Bakı. Trend:
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha
göstərdi ki, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya
getdikcə daha mühüm yer tutur.
Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov
mətbuata açıqlamasında söyləyib.
O bidirib ki, dünyanın aparıcı iqtisadi güclərindən biri olan
Almaniya ilə yüksəksəviyyəli təmasların intensivləşməsi təkcə
siyasi münasibətlərin inkişafına deyil, həm də qarşılıqlı faydalı
iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə xidmət
edir.
“Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr
bu baxımdan mühüm mesajlar verdi. Azərbaycan son illərdə
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı,
investisiya mühitinin daha da təkmilləşdirilməsi istiqamətində
ardıcıl islahatlar həyata keçirib. Məhz bunun nəticəsidir ki,
ölkəmiz bu gün beynəlxalq biznes dairələri üçün etibarlı və
perspektivli tərəfdaş kimi qəbul olunur. Almaniya kimi sənaye və
texnologiya nəhəngi olan bir dövlətlə iqtisadi əməkdaşlığın
dərinləşdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının
mühüm elementlərindən biri kimi çıxış edir”.
Millət vəkili qeyd edib ki, səfərin ilk günündə Prezident İlham
Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael
Harms ilə görüşü xüsusi diqqət çəkdi. Bu görüş Almaniya işgüzar
dairələrinin Azərbaycana olan marağının davamlı xarakter aldığını
göstərməklə yanaşı, yeni investisiya layihələrinin reallaşdırılması
üçün geniş imkanların mövcudluğunu da ortaya qoydu. Azərbaycanın
əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, sabit
siyasi mühiti və dinamik iqtisadi inkişafı Almaniya şirkətlərinin
ölkəmizə marağını şərtləndirən əsas amillər sırasındadır. Bu gün
Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm
də regionun əsas logistika və sənaye mərkəzlərindən biri kimi
mövqeyini möhkəmləndirir. Xəzər hövzəsini Avropa ilə birləşdirən
nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişləndirilməsi,
yeni sənaye zonalarının yaradılması ölkəmizin iqtisadi potensialını
daha da artırır. Almaniya kimi yüksək texnologiyalar və
innovasiyalar sahəsində böyük təcrübəyə malik dövlətlə əməkdaşlıq
bu imkanların daha səmərəli reallaşdırılmasına xidmət edə bilər.
Azərbaycan və Almaniya nümayəndə heyətlərinin keçirdiyi görüşlərdə
iqtisadi əlaqələrin geniş spektrdə müzakirə olunması təsadüfi
deyil. Enerji, yaşıl texnologiyalar, rəqəmsal transformasiya,
sənaye kooperasiyası, nəqliyyat, logistika və digər istiqamətlər
üzrə əməkdaşlığın inkişafı hər iki ölkənin maraqlarına cavab verir.
Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi
irimiqyaslı layihələr Almaniya şirkətləri üçün yeni əməkdaşlıq
imkanları yaradır. Səfər çərçivəsində imzalanan sənədlər də
iqtisadi münasibətlərin gələcək inkişafına mühüm hüquqi baza
formalaşdırır. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndiyini,
tərəflərin uzunmüddətli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını
nümayiş etdirir. İqtisadi əlaqələrin institutsional əsaslarının
gücləndirilməsi gələcəkdə ticarət dövriyyəsinin artmasına,
investisiyaların genişlənməsinə və birgə layihələrin sayının
çoxalmasına əlverişli şərait yaradacaq. Prezident İlham Əliyevin
həyata keçirdiyi iqtisadi diplomatiya Azərbaycanın beynəlxalq
iqtisadi sistemdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Xarici investorlar üçün etibarlı tərəfdaş imicinin güclənməsi,
ölkəmizin regional iqtisadi layihələrdə aparıcı rolunun artması və
yeni bazarlara çıxış imkanlarının genişlənməsi bu siyasətin real
nəticələridir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir
daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıqda
təşəbbüskar, etibarlı və məsuliyyətli tərəfdaşdır. İki ölkə
arasında formalaşan yeni əməkdaşlıq mühiti təkcə bugünkü
münasibətlərin deyil, həm də gələcək onilliklərin inkişaf
perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri olacaq.
Prezident İlham Əliyevin bu səfəri iqtisadi tərəfdaşlığın daha
yüksək səviyyəyə yüksəlməsi istiqamətində atılmış mühüm addım kimi
dəyərləndirilə bilər”.
