...

Fazil Qəzənfəroğlu: Müsavat Partiyasının parlamentin işində iştirak etmək qərarını normal qarşılayıram

Siyasət Materials 6 Fevral 2006 13:51 (UTC +04:00)

"Müsavat Partiyasının parlamentin işində iştirak etmək qərarını normal qarşılayıram. Hesab edirəm ki, çox ağıllı və düzgün bir qərardır". Bu fikirləri isə Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib. Onun sözlərinə görə, bir qədər gecikmiş addım olsa da, Müsavatın bu addımı müxalifətin paralmentdə təmsilçiliyinə müsbət təsir göstərəcək.

"Müsavat Partiyasının parlamentə getmək və təkrar seçkidə iştirak etmək barədə qərarından sonra bu partiya ilə əməkdaşlığın artıq perspektivi olmayacaq. Müsavat Partiyası bu qərarı ilə özü bizimlə vidalaşdı". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, "Azadlıq" blokunun həmsədri Sərdar Cəlaloğlu bildirib.

O, qeyd edib ki, "Azadlıq" blokuna daxil olan partiyaların hər biri fevralın 6-da öz toplantılarını keçirib müvafiq bir qərara gələcəklər. Bundan sonra blok liderlərinin görüşü olacaq və "Azadlıq" blokunun bundan sonrakı taleyi barədə qərar veriləcək. Sərdar Cəlaloğlunun sözlərinə görə, Müsavat Partiyasının blokdakı digər iki partiyanın mövqeyinin əksinə olan qərar çıxarması "Azadlıq" daxilində daha ciddi qərar çıxarılmasına səbəb olacaq: "Müsavat Partiyasının bu mövqeyi bizim onlarla birgə mübarizəmizin effektini azaldacaq. Ona görə də Müsavatla bir yerdə mübarizə aparmağın mənası yoxdur"-deyə ADP funksioneri vurğulayıb.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də Müsavat Partiyasının qərarını təqdir etdiyini deyib. Onun fikrincə, qanunların verdiyi imkanlardan istifadə etmək, parlamenin tribunasından yararlanmaq və bununla qanunların qəbulunda, ictimai rəyin formalaşmasında iştirak etmək lazımdır: "Mən Müsavat partiyasının parlamentin işində iştirak edən deputatlarının kimlərsə tərəfindən xalq düşməni elan olunmasını qəbul etmirəm. Bu deputatların addımı milli maraqlarımızına da uyğundur və hesab edirəm ki, parlamentdə fərqli fikirli, müxalif düşüncəli millət vəkilləri nə qədər çox olsa, cəmiyyətimiz demokratikləşmə prosesinin bir o qədər tez şahidi olacaq"-deyə İ.Ağazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti