Aprelin 6-da axşamdan xeyli keçmiş Avropa Komissiyasının xarici əlaqələr üzrə Baş Direktorluğu rəhbərinin müavini Fokion Fokiadis Bakıya gələcək. Bu barədə Trend ə aprelin 6-da Azərbaycanın Benilyuks və Avropa Birliyindəki səfiri Arif Məmmədov məlumat verib.
Səfər proqramına görə, qonağın Azərbaycan prezidenti, baş nazir, iqtisadi inkişaf naziri, yanacaq və energetika naziri ilə, eləcə də Xarici İşlər Nazirliyində və Dövlət Neft Şirkətində görüşlər keçirməsi planlaşdırılıb. Görüşün gedişində Avropa Qonşuluq Siyasəti, AB-nin energetika Təhlükəsizliyi, eləcə də Azərbaycandan keçməklə Orta Asiyadan "EU Green Paper" (AB-nin energetika təhlükəsizldiyi strategiyasını müəyyən edən sənəd) sənədinə müvafiq olaraq tranzit dəhlizlərin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.
Səfər zamanı onu Direktorluğun energetika məsələləri üzrə müşaviri Fauzi Bensarsa müşayiət edəcək.
Avropalı qonaqlar Bakıya Yerevan və Tbilisidən sonra gələcəklər.