20-ci əsrin əvvəllərində Azərbaycan torpaqlarında baş vermiş faciəli hadisələrin səbəblərini başa düşmək üçün bu ölkənin tarixinin bütün səhifələri hərtərəfli öyrənilməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə İsrailin Azərbaycandakı səfiri Artur Lenk 20-ci əsrin əvvəllərində Azərbaycanın ərazisində yaşamış 3 min yəhudinin erməni qruplaşmaları tərəfindən kütləvi surətdə qətlə yetirilməsi ilə bağlı məlumatı şərh edərkən bəyan edib.
"O illərdə baş vermiş hadisələri hərtəfli qiymətləndirmək üçün bu faciələrin əsasında duran faktları öyrənmək çox lazımdır", - deyə A.Lenk bildirib.
Səfir Bakıda Xolokost qurbanlarının xatirəsinə abidənin ucaldılması ilə bağlı təklifləri "yaxşı ideya" adlandırıb.
"Azərbaycan xalqı və bu torpaqlarda yaşamış qardaş və bacılarımız o zamanlar Avropada yəhudilərin başına gələn dəhşətlərdən uzaq olsa da, biz bilirik ki, hitler Almaniyası bu torpaqları da işğal etməyə çalışırdı. Yalnız SSSR-nin tərkibində faşizmə qarşı mübarizəyə qalxmış Azərbaycan xalqının fədakarlığı sayəsində 1942-ci ilin 2-ci yarısında Şimali Qafqazda alman ordusunun hücumları dayandırılıb", - deyə səfir sonda qeyd edib.