...

Hidayət Orucov: Təəssüf edirəm ki, dini sahə ilə bağlı yazıları qeyri-peşəkarlar yazır

Siyasət Materials 20 Noyabr 2006 16:21 (UTC +04:00)
Hidayət Orucov: Təəssüf edirəm ki, dini sahə ilə bağlı yazıları qeyri-peşəkarlar yazır

"Təəssüf edirəm ki, Azərbaycan mətbuatında dini sahə ilə bağlı yazıları qeyri-peşəkarlar, bu sahə haqqında təsəvvürü və kifayət qədər məlumatı olmayanlar yazır". Trend in xəbərinə görə, bu barədə Azərbaycan Mətbuat Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin noyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi birgə dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib.

"Mən həmişə jurnalistlərdən xahiş etmişəm ki, dini mövzuda yazarkən məsləhətləşsinlər. 90-cı illərin əvvəlində milli siyasət məsələlərindən çox yazırdılar və o yazıların çoxu peşəkar səviyyədə deyildi. Son iki-üç ildə isə eyni vəziyyət dini sahə ilə bağlıdır. Dindən yazan çox olsa da həmin yazarlar arasında bu sahəni bilənlər azdır. Dindən yazan, ölkədəki dini durumu şərh edən jurnalist xalqın maraqlarını, dövlətçiliyin, milli-mənəvi dəyərlərin, dini təsəvvür və fəaliyyət modelinin qorunması baxımından diqqətli olmalıdır" - deyə H.Orucov qeyd edib.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə tədbir iştirakçılarının nəzərinə çatrıdıb ki, son ayların hadisələri göstərir ki, Azərbaycanda dini etiqadlar arasında təfriqələr salmağa müəyyən cəhdlər olub. Bununla bağlı mətbuatda ya yetərincə məlumatlar dərc olunmayıb, yaxud yanlış infomrasiyalara yer verilib. Bu da jurnalistlərin bu sahədə yetərincə biliyə malik olmaması ilə bağlıdır.

"Bu səbəbdən də dini dəyərlərin qorunmasına və istifadəsinə qayğı ilə yanaşmaq lazımdır. Mətbuat Şurasının apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, mediada dinlə bağlı yazılan yazılarda kifayət qədər yanlışlığa yol verilib. Bu səbəbdən də Bakı İslam Universiteti Mətbuat Şurası ilə birlikdə jurnalistlərin bu sahədə ixtisaslarının artması ilə əlaqədar kursların keçirilməsini planlaşdırıb" - deyə Ə.Amaşov bildirib.

Daha sonra tədbir iştirakçıları dini dəyərlərə hörmətlə yanaşılması ənənəsinin qorunması mövzusunda diskussiya keçiriblər.

Xəbər lenti

Xəbər lenti